AMİP-30

Paşinyan sülh sazişinin imzalanmasında maraqlıdır  – Partiya sədri 

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla aparılan sülh danışıqlarının əhəmiyyətindən danışıb. Erməni xalqına müraciət edən Paşinyan xarici təhlükəsizlik baxımından ciddi problemlərin olduğuna diqqət çəkib. Baş nazir əminliklə vurğulayıb ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur: “Çünki sülh bizim suverenliyimiz və təhlükəsizliyimiz üçün ən etibarlı amildir. Sülh gündəminin həyata keçirilməsi sadə səbəbə görə hələ də təmin edilməyib. Sülhə nail olmaq üçün bütün lazımi qanuni səyləri göstərməliyik”. Hökumət başçısı iki ölkənin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıması məsələsini də gündəmə gətirib. Bildirib ki, Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazi bütövlüyünün tanınması İrəvanın əsas məsələsidir.

  Baş nazirin açıqlamasını “Sherg.az”a dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, Paşinyan ümumi anlamda Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlıdır. Partiya rəhbəri bəyan edib ki, sülh müqaviləsinin imzalanması regionda sabitliklə yanaşı, həm də Paşinyan hakimiyyəti üçün dayanıqlı vəziyyət formalaşdırmış olur:

“O səbəbdən Paşinyan sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Amma Ermənistan tərəfinin öz tələbləri, şərtləri var. İrəvanın istəklərindən biri də Paşinyanın son günlər davamlı olaraq dilə gətirdiyi “Ermənistanın 29 min kvadrat kilometr ərazisinin Azərbaycan tərəfindən tanınması” məsələsidir. Bir neçə ay əvvəl Paşinyan hökumətin iclasında, o cümlədən parlamentdə də ərazi bütövlüyü və bunun rəsmən tanınması məsələsini qaldırmışdı. Baş nazir fərqindədir ki, 29 min kvadrat kilometr ərazi Ermənistan torpaqları deyil. Şübhəsiz, Azərbaycan heç bir halda İrəvanın ərazi iddialarını, sərhədlərin müəyyənləşməsi ilə bağlı gündəmə gətirdiyi xəritələri qəbul etməyəcək. Paşinyanın mütəmadi müzakirə mövzusuna çevirdiyi 1991-ci və 1975-ci illərin xəritəsində tarixi Azərbaycan torpaqları “mübahisəli ərazilər” kimi qeyd olunub. Ancaq 1918-20-ci illərdə Azərbaycan və Ermənistan tamam fərqli sərhədlərə malik idilər. Əgər Azərbaycan, o cümlədən Ermənistan 1918-20-ci illər ərzində mövcud olmuş respublikaların hüquqi varisidirsə, o zaman həmin sərhədlər daxilindəki ərazilərin də varisi sayılır. Paşinyan gözəl bilir ki, rəsmi Bakı gec-tez bu məqamlarla bağlı haqlı iddiasını ortalığa qoyacaq”. 

  A.Əlizadə vurğulayıb ki, Azərbaycan Ermənistanın 30 il ərzində vurduğu zərərə görə İrəvana təzminat davası açmaq ərəfəsindədir: “Təzminat davası çərçivəsində Ermənistanın geri ödəmək imkanına sahib olmadığı milyardların əvəzinə tarixi torpaqlarımızdan vaz keçilməsi məsələsi gündəmə gətirilə bilər. Paşinyan indidən erməni cəmiyyətinə izah etməyə çalışır ki, Azərbaycan tərəfi tarixi torpaqlarına iddia qaldırmamış, 29 min kvadrat kilometr ərazini tələsik “Ermənistan torpaqları” kimi qəbul etdirmək lazımdır. Baş nazirin diqqət yönəltdiyi məsələlərdən biri də Qarabağ bölgəsində yaşayan ermənilərin “təhlükəsizliyi” və beynəlxalq mexanizmin tətbiq olunmasıdır”.

Partiya sədrinin sözlərinə görə, Paşinyan Rusiyanın boyunduruğundan xilas olmağa çalışır: “Erməni Baş naziri hakimiyyətə gətirən Qərbin tələblərindən biri də Ermənistanın Rusiya ilə münasibətləri məhdudlaşdırmasıdır. Baş nazir anlayır ki, sülh müqaviləsinin imzalanması Moskvanın İrəvana təsir imkanlarının zəifləməsi deməkdir. O baxımdan Paşinyan bəzi məqamlara görə sülhü istəyir. Ancaq irəli sürülən şərtlər prosesin uzanmasına səbəb olur. Hətta sülh müqaviləsi imzalanacağı təqdirdə belə qətiyyən Ermənistanın 29 min kvadrat kilometr ərazisini tanımamalıyıq. Saziş imzalansa da, sərhədlərin demarkasiya və delimitasiya prosesi davam edə bilər. Bu, beynəlxalq praktikada mövcuddur. Hətta dost münasibətdə olduğumuz qonşu Gürcüstanla belə sərhədin bəzi yerlərində anlaşılmazlıq hələ qalmaqdadır”. 

sherg.az