AMİP-30

Arzuxan Əlizadə: “Qarabağdakı separatizmin kökündə məhz ərazi iddiaları dayanır”

“Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb”. Bunu Prezident İlham Əliyev “Euronews” telekanalına müsahbəsində deyib.

Ölkə başçısı Laçın yolu ilə bağlı bunları qeyd edib: “Aprelin 23-dən – sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar”.

Bu, Laçın yolundakı rejimlə bağlı son iki aydakı iş rejiminin mahiyyətinin açılmasıdır. Sadalanan məsələlələr əslində “Laçın yolunda blokada var” yalanlarını uyduranlara, bəyanat verənlərə bir cavabdır. Bu qədər məsələ aydın şəkildə ortada durmuşkən, bəzi beynəlxalq təşkilatlar (Avropa Parlamenti) hələ də mövqelərini dəyişmirlər. O baxımdan Əliyevin ifadə etdiyi bu dəqiq iş rejimi onların mövqelərinə necə təsir göstərməlidir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, prinsipcə, sadalanan arqumentlər həmin təşkilatların qərəzli mövqeyini əsaslı şəkildə dəyişməlidir: “Ona görə ki, Prezident ardıcıl formada baş verənləri və bunun səbəblərini sadaladı. Eyni zamanda Azərbaycanın humanist mövqedən çıxış edərək apardığı siyasəti ortaya qoydu. Bir daha bütün dünyaya bəyan etdi ki, Laçın yolunda mülki insanlara qarşı heç bir blokadadan söhbət gedə bilməz. Bəzi Avropa qurumlarının bununla bağlı yanaşması həm ədalətsizdir, həm də qərəzlidir. Bir belə arqumentdən sonra problem ondadır ki, bəzi beynəlxalq təşkilatlar məqsədyönlü şəkildə qərəzli mövqe tutur. Xüsusən də Avropa Parlamenti. Bu qurum yaxşı bilir ki, Ermənistanın məqsədi Azərbaycan ərazilərini qəsb etməkdir. Qarabağdakı separatizmin kökündə məhz ərazi iddiaları dayanır. Ancaq əfsuslar olsun ki, bunu nəzərə almırlar. Qarabağdakı bir ovuc erməniyə görə şou yaradırlar. Bəzi beynəlxalq qurumların blokada yalanlarına ortaq olması erməni lobbisinə bağlılıqdan irəli gəlir. Çünki erməni diasporunun maliyyə yardımlarından bəsləndikləri üçün onların sifarişlərinə uyğun davranırlar. Avropa Parlamentinin bəzi deputatlarının qaldırdıqları hay-küy bundan irəli gəlir. Saxta təəssürat yaradırlar ki, guya Qarabağdakı ermənilər blokadadadır. Qarabağ və Laçın Azərbaycanın suveren ərazisi olduğu üçün sərhəddə nəzarəti qurmaq bizim daxili işimizdir. Hansısa Avropa ölkəsi istəyərmi sərhədləri nəzarətsiz olsun? Əlbəttə ki, yox. O üzdən, kimsə Azərbaycanın daxili işinə qarışmasın. Beynəlxalq hüquqa hörmət etsinlər. Biz kiməsə əsas verməmişik ki, ölkəmizin daxili işinə qarışsınlar”.

Vidadi ORDAHALLI

baki-xeber.com