AMİP-30

““Kupça”sız evlərlə bağlı radikal addımlar atılmalıdır” – Deputat danışdı

“Ölkə rəsmilərinin sənədsiz evlərlə bağlı verdiyi rəqəmlərə istinad etsək, təkcə Bakı şəhərində 500 mindən artıq evin sənədi olmadığını görərik”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, zamanında yol verilən müəyyən boşluqlar səbəbilə sənədsiz evlərin sayı artıb: 

“İstər qanunvericilikdə, istərsə də yerli səviyyədə idarəetmədə olan boşluqlar səbəbindən müxtəlif ərazilərdə “gecəqondu” tipli evlər tikildi. Hətta yaşayış üçün yararlı olmayan ərazilərdə də evlərin tikilməsinə şahidlik etmişik. Nəticə etibarilə, bu gün artıq fakt qarşısındayıq. 

Paytaxtda 500 mindən artıq evin sənədsiz olması, həmin evlərdə yaşayan insanların çox ciddi problemlə üzləşməsi onu deməyə əsas verir ki, tezliklə bütün bu məsələlər öz həllini tapmalıdır”. 

Partiya sədri qeyd edib ki, həmin evlərin sənədləşdirilməsi dövlət büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına səbəb ola bilər: 

“Yəni həmin “kupça”sız evlərin sahibləri dövlət büdcəsinə müəyyən miqdarda rüsum ödəyərək evlərini sənədləşdirməlidirlər. Əlbəttə ki, bunun həm vətəndaşlarımız, həm də dövlət büdcəsi üçün çox böyük əhəmiyyəti olacaq. Bu gün bələdiyyələr əmlak və torpaq vergisi toplayırlar. Sənədsiz evlərdən əmlak və torpaq vergisi də almaq mümkün deyil. 

Bu da büdcəyə əlavə daxilolmaların qarşısını alır. Sənədsiz evlərin mövcudluğu və problemin həll olunmaması Azərbaycan vətəndaşlarında çox ciddi narahatlıq yaradır. Ümid edirik ki, yaxın zamanlarda bununla bağlı radikal addımlar atılacaq və həmin evlərin sənədləşdirilməsi istiqamətində qərar veriləcək”.