AMİP-30

YUNESKO ermənidən daha çox ermənilik edir

YUNESKO növbəti dəfə Azərbaycanla bağlı təxribatçı bəyənat dərc edib.

Bu barədə Ermənistanın “ArmenPress” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, təşkilatın rəsmiləri Qarabağdakı “tarixi” erməni abidələrinə ziyan vurulması ilə bağlı narahatlıqlarını bildiriblər.

Qurumun Mədəniyyət və Fövqəladə Hallar Təşkilatının direktoru Krista Pikkat müsahibəsində “Qarabağdakı xristian abidələrinin 2020-ci ildə baş verən müharibədən ciddi təsirləndiyini və məhv olma təhlükəsi ilə üz-üzə qaldığını” deyib.

Qarabağda yaşayan ermənilərin regionu tərk etməsinə də münasibət bildirən Pikkat bununla bağlı dərin narahatlıq duyduğunu ifadə edib.

YUNESKO rəsmisi Qarabağda yerləşən xristian məbədlərini və abidələrini ümumiləşdirərək, “qədim erməni arkitekturası” kimi qələmə verməyə çalışıb.

Otuz il işğal dövründə erməni işğalçıları məscidlərimiz donuz fermasına çevirəndə, qəbiristanlıqlarımız dağıdılan zaman heç bir mövqe bildirməyən YUNESKO niyə erməniləri canfəşanlığını çəkir? 

Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, YUNESKO-nın Azərbaycanla bağlı siyasəti təəssüf doğurur:

“Məhz YUNESKO növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. İkinci Qarabağ müharibəsindən sonra YUNESKO-nun Azərbaycanla bağlı bəyanatları xüsusi diqqət çəkir.

Təşkilatın rəsmilərinə xatırlatmaq lazımdır ki, İkinci Qarabağ müharibəsinə qədər Qarabağda şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz erməni işğalçıları tərəfindən yerla-yeksan edilib, dini, mədəni və tarixi abidələrimiz məhv edilib, məscidlərimiz darmadağın olunub və iki məscidimiz donuzxanaya çevrilib. 

Məcidlərimizin bu cür təhqir olunması, qəbiristanlıqlarımızın tar-mar edilməsi İslam dininə qarşı çox böyük cinayətdir. Erməni işğalçıları mədəniyyətimizə və dinimizə qarşı insanlıqdan kənar münasibət şərgiləyiblər.

Təəssüflər olsun ki, YUNESKO bir dəfə də olsun erməni işğalçılarının bu vandallığına münasibət bildirməyib.

Ölkəmiz YUNESKO-ya dəfələrlə müraciət etməsinə baxmayaraq, təşkilatın rəsmiləri bir dəfə də olsun işğaldan azad olunan ərazilərə səfər etməyiblər. Əksinə, ölkəmizə qərəzli və riyakar mövqe sərgiləyir. Bu, qəbuledilməzdir”.