Avropa siyasətçilərinin ayıbı: “Prezident onlara tutarlı cavab verdi”
Prezident İlham Əliyev keçən gün Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı avropalı diplomat Cozef Borrellin Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırmasını ciddi şəkildə tənqid edib.
Dövlət başçısı çıxışında “Onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”, – deyib.
Mözvu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, əslində Azərbaycana və digər dövlətlərə yönəlik belə yanaşma heç bir halda Avropanın siyasətçilərinə başucalığı gətirmir:
“Cozef Borrell kifayət qədər uzun siyasi yol keçmiş, təcrübəli bir avropalı deputatdır. Çox təəssüflər olsun ki, belə siyasi təcrübəyə malik şəxs bu cür mövqe sərgiləyir. Bu, əslində onun özünün daxilində bir irqçiliyin, ümumilikdə xristian təəssübkeşliyinin olmasından və bütün digər dünya kəsiminə yuxarıdan aşağıya baxmasından xəbər verir. Bunun özü böyük naqislikdir.
Təəssüf ki, bu cür naqis adamlar uzun müddət Avropa siyasətində önəmli rola sahib olublar. Onun bu açıqlaması heç bir halda bir siyasətçiyə yaraşmır. Borrellin yaşı ilə bağlı heç nə demək istəmrəm. Ola bilər ki, onun yaşının çoxluğu da müəyyən qədər bu cür absurd açıqlama verməsinə səbəb olub. Amma yenə də hesab etmirəm ki, bu, yaşla əlaqədardır. Biz həmişə görmüşük ki, bu adamlar Azərbaycana yönəlik münasibətdə yanlış və ədalətsiz mövqe tutublar”.
Arzuxan Əlizadənin sözlərinə görə, avropalı siyasətçilər yalnız öz şəxsi və siyasi maraqları, bəzi hallarda isə təmsil etdikləri dövlətlərin maraqları prizmalarından çıxış edərək digər dövlətlərə yuxarıdan aşağı baxıblar: “İşğalçıya dəstək verməklə faktiki olaraq bütün beynəlxalq hüququ norma və prinsiplərini ayaq altına atıblar. Növbəti dəfə onun bu cür açıqlama verməsi təbii ki, ümumilikdə bu adamların daxili aləmindən xəbər verir.
Təbii ki, Azərbaycan Prezidenti tutarlı bir cavab verdi. Elə bu cavab əslində onlara bəsidir. Amma istənilən halda bizə yuxarıdan aşağı baxana biz ümumiyyətlə, diqqət etmirik. Bu cür adamlarla bağlı Azərbaycanda “karvanın keçməsi” ilə bağlı atalar misalı var”.
Deputat Azərbaycan Prezidentinin çıxışını xatırladıb:
“Prezident bildirdi ki, kiçik ada dövlətlərinə hər zaman dəstək olunub və bundan sonra da olunacaq. Azərbaycan uzun müddərdir ki, Qoşulmama Hərəkatının üzvüdür. 2019-cu ildən etibarən 4 il müddətinə bu hərəkata rəhbərlik etdi.
Qoşulmama Hərəkatında 120-dən artıq dövlət təmsil olunur. Azərbaycanın sədrliyi dönəmində bu təşkilatın çox ciddi uğurları oldu. Azərbaycanın orada təmsil olunan ada dövlətlərinə, inkişaf etməkdə olan dövlətlərə öz dəstəyini nümayiş etdirdi. Burada həm siyasi dəstək, həm də bir çox sahələrdə humanitar dəstək verildi. Bu elə bir dövrə təsadüf etdi ki, pandemiya dönəmi idi.
O zaman Azərbaycan lazımi diqqət yetirilməyən dövlətlərə öz imkanları hesabına yardım etdi. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dönəmində də, indiki dönəmdə də kiçik ada dövlətlərinə dəstəyini əsirgəmir. Bundan sonra da onlara dəstək olunacaq. Bu, ədalət naminə edilən dəstəkdir. Bu, inkişaf etməkdə onlara ölkələrə digər dövlətlərin verdiyi töhfə kimi qəbul edilməlidir ki, bunu da Azərbaycan Prezidenti kifayət qədər açıq formada bəyan etdi”.