Tramp: “Hər şey mümkündür” – ABŞ-İran münasibətləri gərginləşir? – AÇIQLAMA
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İranla münasibətlərin gərginləşməsi fonunda müharibə ehtimalını istisna etməyib. “Taym” jurnalına verdiyi müsahibəsində Tramp Tehranla münaqişənin başlaya biləcəyi ilə bağlı suala “Hər şey mümkündür” cavabını verib. Bununla belə, siyasətçi İrana qarşı gələcəkdə hansı konkret addımların atılacağını dəqiqləşdirməyib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan millət vəkili Arzuxan Əlizadə Trampın bu açıqlamasının onun İrana qarşı mövqeyini açıq şəkildə ortaya qoyduğunu bildirib:
“Donald Trampın birinci prezidentlik dövründə də ABŞ-ın İrana qarşı mövqeyinin sərt olması məlumdur. Eyni zamanda Co Baydenin prezidentliyi dövründə də ABŞ ilə İran arasındakı münasibətlərin zaman-zaman gərgin olduğu sirr deyil. Bundan başqa, ABŞ-ın İrana qarşı sanksiyaları hər zaman əsas təzyiq vasitələrindən biri olmuşdur və İran məsələsi ABŞ-ın siyasətində prioritet mövzulardan biri kimi diqqət mərkəzində dayanmışdır”.
Deputat hesab edir ki, Trampın ikinci prezidentlik dövründə bu sərt mövqe daha da güclənəcək:
“Hesab edirəm ki, Trampın ikinci prezidentlik dövründə ABŞ-ın İrana qarşı mövqeyi daha da sərtləşəcək və sanksiyalar daha gücləndirilmiş formada tətbiq olunacaq. İranın yürüdüyü siyasət ABŞ-ın və regiondakı digər ölkələrin maraqları ilə uyğunlaşmadığından, ABŞ-ın sərt yanaşması daim gündəmdə olub. Bununla belə, İranla bağlı məsələlərin müharibə müstəvisinə qədər gedib çatacağını real hesab etmirəm. Amma İrana qarşı tətbiq olunan sanksiyaların daha da sərtləşəcəyini və ciddi təsirlər yaradacağını proqnozlaşdırıram”.
Arzuxan Əlizadə Azərbaycanın bu məsələdəki mövqeyini də vurğulayıb:
“İran Azərbaycanın qonşu ölkəsidir və orada yaşayan təxminən 40 milyon soydaşımızın hüquqları və yaşayış tərzi Azərbaycanın diqqət mərkəzində olan məsələlərdən biridir. Bu səbəbdən də, Azərbaycan-İran münasibətlərindəki proseslər xüsusi həssaslıqla izlənilməlidir. Diqqət mərkəzindədir ki, Azərbaycan, hər zaman dünya azərbaycanlılarının dövləti olaraq, bu məsələdə öz mövqeyini sərgiləmiş və İran ərazisində yaşayan azərbaycanlıların elementar insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərmişdir”.
O əlavə edib ki, İran daxilində baş verəcək gərginliklər Azərbaycan üçün müəyyən risklər yarada bilər:
“İran daxilində baş verə biləcək gərginliklər, təbii ki, bu və ya digər formada Azərbaycana, bizim dövlətimizə təsirsiz qala bilməz. Bunun fərqində olmalıyıq. Həmçinin anlamalıyıq ki, İran əleyhinə mümkün ola biləcək hər hansı açıq müdaxilə təkcə regionda gərginlik yaratmaqla kifayətlənməz, eyni zamanda orada yaşayan soydaşlarımızın Azərbaycana üz tutmasına səbəb ola bilər. Bu isə müəyyən mənada əlavə gərginliklərə yol aça bilər. Bunun da fərqində olmalıyıq”.
Sonda Arzuxan Əlizadə Azərbaycanın regional siyasətinin əsas xəttini qeyd edib:
“Azərbaycanın apardığı siyasət ondan ibarətdir ki, regionda sülh və sabitlik təmin olunmalıdır. Azərbaycan regionun aparıcı dövləti olaraq, hər zaman regionda stabilliyin və sülhün qorunmasında maraqlı olduğunu bəyan edib. Eyni zamanda qonşu dövlətlərlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında münasibətlərin qurulmasında maraqlı olduğunu da bildirib. Buna görə də, regionda hər hansı əlavə gərginliyin yaranmasında maraqlı deyilik”.