AMİP-30

Yeni prezident dövründə Gürcüstan-Azərbaycan əlaqələri necə olacaq?

Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.

Ölkədə ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət seçki kollegiyasının üzvləri tərəfindən seçilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadla xəbərə verir ki, hakim “Gürcü Arzusu” partiyasının namizədi 300 seçicidən 224 səs toplayıb. M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.

Maraqlıdır ki, yeni prezident dövründə Gürcüstan-Azərbaycan əlaqələri necə olacaq?

Mövzu ilə bağlı AMİP sədri, millət vəkili deputat Arzuxan Əlizadə fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Gürcüstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanla münasibətlər kifayət qədər isti olub:

“Gürcüstan dövləti ölkə iqtisadiyyatının inkişaf etməsində Azərbaycanın payının böyük olmasının fərqindədir. Azərbaycanın enerji daşıyıcılarının və kommunikasiya xətlərinin Gürcüstanın üzərindən keçməsi bu ölkənin ən ağır dönəmlərində çox böyük dividentlər gətirib. Bu proses hələ də davam etməkdədir. Gürcü xalqı, Gürcüstanda hakimiyyətdə olan qüvvələr bunu başa düşürlər”.

Müsahibimiz qeyd edib ki, eyni zamanda Gürcüstanda təxminən yarım milyon soydaşımız yaşayır. Onların mövcud fəaliyyətləri və problemləri Azərbaycan hökumətinin daim diqqət mərkəzində olub.

Deputatın fikrincə, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri yüksək səviyyədədir və bundan sonrakı dönəmdə münasibətlər daha da möhkəmlənəcək.

“Gürcüstanın indiki hakimiyyəti ilə Azərbaycanın münasibətləri kifayət qədər yaxşıdır. Gürcüstanın baş naziri İrakli Kobaxidze dəfələrlə ölkəmizə səfərlər edib, eləcə də Azərbaycan prezidentinin Gürcüstana səfərləri baş tutub. Azərbaycanla Gürcüstanın münasibətlərinin dəyişməsi üçün heç bir zəmin yoxdur. Əksinə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi perspektivdə görünür”.

A.Əlizadə xatırladıb ki, Gürcüstanın yeni prezidentini ilk təbrik edənlərdən biri də Azərbaycan prezidenti İlham Əliyev olub.

“Yeni prezident dövründə ikitərəfli əlaqələr daha da inkişaf edəcək”, – deyə Arzuxan Əlizadə vurğulayıb.