AMİP-30

Belə səfərlər mühüm əhəmiyyət daşıyır – SORĞU

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixində Laçın şəhərinə təşkil olunub. SİA mövzu ilə bağlı səfərdə iştitak edən nümayəndələrin fikirlərini öyrənib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Azərbaycan Respublikası Prezidentinin Siyasi partiyalar və qanunverici orqanlarla əlaqələr şöbəsinin müdiri, hörmətli Ədalət müəllimin və rəhbərlik etdiyi şöbənin əməkdaşlarının bilavasitə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərimizə növbəti səfər baş tutdu. Bu dəfəki səfər Laçın rayonuna idi və əslində, bu kontekstdə təşkil olunan altıncı səfərdir. Bundan əvvəl Ağdam, Şuşa, Zəngilan, Xankəndi, Xocalı, Xocavənd və digər işğaldan azad olunmuş ərazilərimiz ziyarət olunub.

Hər səfərdə bu ərazilərdə aparılan abadlıq və yenidənqurma işlərinin necə sürətlə inkişaf etdiyinin şahidi oluruq. Budəfəki səfər çərçivəsində də Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda səlahiyyətli nümayəndəsi bizi müşayiət etdi və görülən işlər barədə ətraflı məlumat verdi. Laçın rayonunda çox yaxın zamanda Laçın aeroportunun istifadəyə verilməsi planlaşdırılır və artıq sınaq uçuşları həyata keçirilib.

Eyni zamanda doğma torpaqlara – dədə-baba yurduna qayıdan insanların məşğulluq probleminin həlli istiqamətində də ciddi işlər görülür. Biz həmin işlərlə də tanış olduq. Fəaliyyətə başlamış müəssisələrə baş çəkdik, yerindəcə məlumat aldıq.

Qeyd edim ki, səfərdə ölkədə fəaliyyət göstərən 24 siyasi partiyanın rəhbərliyində təmsil olunan şəxslər, eləcə də KİV rəhbərləri və nümayəndələri, politoloqlar və tanınmış ziyalılar iştirak edirdi. Bu cür təşkil olunan səfərlər, təbii ki, həm ətraflı məlumat əldə etmək, həm də görülən işlərin miqyasını və nəticələrini yerindəcə qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, biz bu məsələləri gündəlik mediada da ictimaiyyətə çatdırmağa çalışırıq. Görülən işlərlə bağlı ətraflı məlumatlı olmaq isə həmin fəaliyyətlərin hansı istiqamətdə davam etdirilməsinin vacibliyi ilə bağlı yeni təkliflərin və fikirlərin formalaşmasına da kömək edir”.