AMİP-30

Ortaq tarixdən strateji əməkdaşlığa – DEPUTAT

İran Azərbaycanla qonşu dövlətdir və əsrlər boyu ortaq tarixə, mədəniyyətə və dini köklərə malik ölkələr kimi xalqlarımız arasında dərin bağlar formalaşıb. Bu tarixi və mədəni yaxınlıq eyni coğrafi məkanda yerləşən iki ölkə üçün münasibətlərin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan daim regiondakı qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq və dostluq münasibətlərinin tərəfdarı olub. Bizim prinsipial mövqemiz həm tarixi məsuliyyətlərimizdən, həm də regional sabitliyə və tərəqqiyə töhfə vermək niyyətimizdən qaynaqlanır. Baxmayaraq ki, müəyyən dövrlərdə İran rəsmiləri tərəfindən Azərbaycana qarşı qeyri-dost ritorika və davranışlar müşahidə olunub, Azərbaycan tərəfi hər zaman münasibətlərin normallaşmasına və konstruktiv dialoqun bərpasına səy göstərib. Son zamanlar xüsusilə də İran İslam Respublikasında keçirilmiş seçkilər ərəfəsində və ondan sonra rəsmi Tehran tərəfindən verilmiş müsbət mesajlar diqqətlə izlənilir.

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri olduqca yüksək qiymətləndirildi. Səfər çərçivəsində keçirilmiş görüşlərdə geniştərkibli nümayəndə heyətləri iştirak etdi, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrini əhatələyən mühüm sənədlər imzalandı. Xüsusilə, Azərbaycan və İran prezidentləri arasında keçirilən əsas görüşdə əldə olunan razılaşmalar və imzalanmış birgə bəyannamə gələcək əməkdaşlıq üçün yol xəritəsi olacaq. Eyni zamanda mədəniyyət, yol infrastrukturu, nəqliyyat qovşaqları və digər sahələri əhatə edən razılaşmalar da əldə olundu. Bu sənədlər gələcəkdə regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı məsləhətləşmələrin daha sistemli və məqsədyönlü şəkildə aparılmasına zəmin yaradacaq. Xüsusi qeyd olunmalıdır ki, İran ərazisindən keçməklə reallaşması nəzərdə tutulan Araz dəhlizi layihəsi artıq icra mərhələsindədir. Yolun mühüm hissəsi hazır vəziyyətə gətirilib, hazırda dəhliz üzərində yerləşəcək körpünün tikintisinə başlanılıb. Bu layihə tamamlandıqdan sonra Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa nəqliyyat əlaqəsi daha da asanlaşacaq və regionda strateji kommunikasiyalar baxımından yeni imkanlar açılacaq.

Bütün reallıqlar fonunda Azərbaycan-İran münasibətlərinin indiki tempdə inkişafı hər iki ölkənin dövlət və milli maraqları baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Əminik ki, qarşılıqlı etimada əsaslanan dialoq və əməkdaşlıq yolu ilə regionda sülhə, sabitliyə və rifaha daha da böyük töhfələr vermək mümkün olacaq.

Arzuxan ƏLİZADƏ,

Milli Məclisin deputatı.