Afsəddin Nəbiyev: “Heydər Əliyev heç vaxt belə bir ifadə işlətməyib”
İranın 1989-1997-ci illərdə prezidenti olmuş Əli Əkbər Haşimi Rəfsəncani ölümündən sonra dərc olunmuş xatirələrində 1993-cü ilin noyabrında Qarabağ müharibəsi zamanı Azərbaycanın ovaxtkı prezidenti Heydər Əliyevlə görüşlərini xatırlayır.
Rəfsəncaninin sözlərinə görə, Əliyev İrandan Ermənistanla münaqişədə Azərbaycana hərbi dəstək verməsini tələb edirdi: “Onun daimi iradlarından biri də bu idi ki, İran ermənilərlə müharibə fürsətindən istifadə edərək Azərbaycanda mövcudluğunu genişləndirməlidir. Hətta bəzən o, Azərbaycanın İrana məxsus olduğunu xatırladaraq bizi gəlməyə, onu müdafiə etməyə və nəzarəti ələ keçirməyə çağırırdı. Biz Naxçıvanda olanda da Heydər Əliyev oxşar fikirlər söyləmişdi. O iddia edirdi ki, İran Azərbaycanı öz təsiri altına alsa, Rusiyanın bütün Qafqaz üzərində hökmranlığını sarsıdacaq”.
Bu boyda yalan olar? Heydər Əliyev kimi böyük siyasi xadim, ölkənin müstəqilliyinə xüsusi önəm verən lider “Azərbaycanın İrana məxsus olduğunu” deyərmi?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Rəfsəncaninin xatirələri təhrifə söykənir: “İllər sonra tarixi faktların təhrif edilməsi, xüsusilə də ölümdən sonra yayımlanan xatirələrdə iddia edilənlər siyasi manipulyasiyadan başqa bir şey deyil. Heydər Əliyev 1993-cü ildə ən ağır vaxtlarda ölkəyə rəhbərlik edərək ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini qorumaq üçün həyatını risq altında qoyaraq əzmlə mübarizə aparırdı. Belə bir şəxsiyyətin Azərbaycanın hansısa dövlətə “məxsus olduğunu” deməsi nə siyasi məntiqə, nə də onun bioqrafiyasına uyğun gəlir. Yaşadığımız ən ağır illərin sınağından çıxaraq, mübaliğəsiz olaraq deyərdim ki, dövlətimiz bütün zamanlarda heç vaxt Azərbaycanda İran təsirinin genişlənməsinə imkan verməyib. Əksər hallarda onlar tərəfindən belə hallar baş versə də Azərbaycan dövləti onların Vətənimizdə “meydan sulamasına” imkan verməyib. Heydər Əliyev heç vaxt belə bir ifadə işlətməyib. Bu iddialar, böyük ehtimalla, siyasi məqsədli təhrifdir və heç bir fakta əsaslanmır. Əslində İranın siyasi dairələri Rəfsəncaninin xatirələrini ölümündən sonra öz bildikləri kimi yazmaqla bu bölgədə İranın tarixi rolunu şişirtmək, regional “hegemon” obrazı yaratmaq məqsədi güdürlər. Məhz ölümündən sonra İran tərəfindən bu iddiaların yayılaraq “bəzədilməsi” rəqib ölkələrə mənəvi basqı kimi qiymətləndirilməlidir. Hazırda İran beynəlxalq aləmdə öz siyasi çəkisini itirdikcə belə manipulyativ iddiaların sayını artıracaq. İranın ucuz şousu ancaq fars molla rejimini “qidalandırmağa” hesablanıb. Heydər Əliyevin dövlətçilik mövqeyi nəinki Vətənimiz Azərbaycanda, bütün dünyada bir aksiomadır. Bunun sübuta ehtiyacı yoxdur”.