AMİP-30

“Alyaska görüşündə ümumi fikir Ukraynanı güzəştlərə məcbur etmək olub” – Deputat

Xəbər verdiyimiz kimi, ötən gecə Alyaskada ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. Görüş 3 saatdan çox çəksə də, müzakirə olunan məsələlər barədə mətbuata tam açıqlama verilməyib.

Təbii ki, bu görüşdən ən böyük gözlənti Ukraynada davam edən müharibə idi. Görünən odur ki, bununla bağlı konkret nəticə əldə olunmayıb.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən AMİP sədri, Millət vəkili Arzuxan Əlizadə deyib ki, bu görüşdən böyük gözləntimiz yox idi:

“Çünki Ukrayna ilə bağlı istənilən müzakirədə bu ölkənin rəsmiləri iştirak eləməlidir.
 

Amma bütün hallarda istənilən dialoq, görüş müsbət hadisədir. Görünür ki, Ukrayna ilə bağlı bu görüşdə mühüm qərar qəbul edilməsə də, ortadakı anlaşılmazlıqlar müzakirə edilib.


Təsadüfi deyil ki, görüşdən sonra liderlər bəyan etdilər ki, bir çox məsələlərdə ortaq məxrəcə gəldik. Bu mənada ola bilsin ki, hansısa nəticələr var. Amma hələ ki, mətbuata açıqlanmır.
 

Bununla belə Trampın açıqlamalarından belə nəticə hasil olur ki, Ukrayna üçün müsbət nəticə yoxdur və ümumi fikir Ukraynanı güzəştlərə məcbur etmək yönündədir”.


Müsahibimiz onu da qeyd edib ki, bu mənzərə bizə tanışdır:

“30 il ərzində həm ABŞ, həm də Rusiya bizi Ermənistana güzəştə getməyə məcbur edirdi.

Fikirlərini də belə əsaslandırırdılar ki, qalib ölkənin müəyyən şərtləri qəbul edilməlidir.
 

Təbii ki, Azərbaycan bu təzyiqlərə boyun əymədi və ərazi bütövlüyünü və suveren hüquqlarını öz gücü və qətiyyəti hesabına bərpa etdi. İndi də bu ssenari Ukraynada həyata keçirilir və rəsmi Kiyev güzəştlərə təşviq edilir.


Ona görə də Ukraynanın iştirakı olmadan keçirilən istənilən müzakirə bu dövlətin maraqlarına xidmət etmir. Dünən gecə də belə oldu”.