AMİP-30

Arzuxan Əlizadə: “Trampın Prezident İlham Əliyev haqqında söylədiyi “siz böyük lidersiniz” ifadəsi deməyə imkan verir ki…”

“Təəssüf ki, bəzi mətbu orqanlar, xüsusilə öz içimizdən qaynaqlanan bəzi qüvvələr Vaşinqton görüşündə, eyni zamanda bağlanan sazişdə Azərbaycan Prezidentinin rolunun azaldılması üçün əllərindən gələn istənilən böhtanları tirajlamaqdan usanmırlar. Görünən bu idi ki, cənab İlham Əliyev Vaşinqtonda çox yüksək səviyyədə qarşılandı. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinə yönəlik xüsusi ehtiram və hörmət nümayiş etdirdi. Bütün vizual gördüklərimiz, səslənən fikirlər, Trampın Prezident İlham Əliyev haqqında söylədiyi “siz böyük lidersiniz” ifadəsi deməyə imkan verir ki, “sarı” mətbuatda yayılan absurd fikirlər tamamilə həqiqətdən kənardır. Biz qalib tərəf olaraq onsuz da müqavilə imzalamağa hazır idik. Bunu bəyan etmişdik. Azərbaycan regionun qalib, kifayət qədər orduya və iqtisadiyyata malik aparıcı dövləti, söz və güc sahibidir və heç bir tərəf Azərbaycanla təhdid dili ilə danışa bilməyib, bilmir və bundan sonra da danışa bilməz”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat vurğulayıb ki, Vətən müharibəsində əldə edilən möhtəşəm qələbədən sonra Ermənistanla sülh müqaviləsi bağlamaq üçün təklif Azərbaycan tərəfindən edilib: “Azərbaycan Ermənistanla beynəlxalq hüququn beş baza prinsipi əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu da bəyan etmişdi. Təəssüf ki, Ermənistan beş ilə yaxın müddət ərzində qeyri-konstruktivlik nümayiş etdirməklə prosesi uzadırdı. Azərbaycanın haqlı tərəfləri var və yenə də həmin haqlı tərəflər qüvvəsindədir. Vaşinqtonda imzalanan paraflanan sənəddən sonra da cənab Prezident İlham Əliyev öz mövqeyini ifadə etdi. Sənəddə də qeyd olunub ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməli, referendum yolu ilə Konstitusiyaya dəyişiklik etməli, üzərinə götürdüyü digər öhdəlikləri də yerinə yetirməlidir. Azərbaycan onsuz da sülh müqaviləsi imzalamaqla bağlı təkliflə çıxış edən tərəfdir. Azərbaycan Prezidentini heç kim təhdid edə bilməz. Azərbaycan Prezidenti xarakter etibarilə adları çəkilən liderlərdən, siyasilərdən qat-qat üstün, möhkəm xarakterə malik şəxsiyyətdir. Qalib tərəf olaraq Azərbaycana yönəlik bu cür münasibət sərgilənməsi mümkün deyil”.