AMİP-30
arzuxan

“Prezidentin sammitdə iştirakı ölkəmizin qlobal aktorlardan birinə çevrildiyini göstərir” –  Deputat

“Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə böyük dövlətlərin liderləri ilə yanaşı Azərbaycan Prezidentinin də dəvət olunması təbii ki, olduqca qürurvericidir. Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunun növbəti bariz nümunəsidir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, son iki ildə Qəzzada böyük dağıntılara, çoxsayda insan itkilərinə səbəb olan qanlı müharibə gedirdi. Bu qanlı müharibənin dayandırılması, atəşkəs elan olunması ilə bağlı tərəflər arasında razılaşmanın əldə edlməsi təbii ki, olduqca vacib idi: 

“Atəşkəsin əldə olunması tarixi hadisə kimi qiymətləndirilir və bu prosesdə ABŞ Prezidenti xüsusi rol oynadı. Birləşmiş Ştatların prosesə müdaxiləsi ilə sülh əldə etmək mümkün oldu. Amma istənilən halda bu prosesdə qardaş Türkiyə də var idi. Uzun müddət idi ki, danışıqlar gedirdi, nəticə etibarilə oktyabrın 13-də 20 dövlət və hökumət başçısının iştirak etdiyi bir sülh sammitinə şahidlik etmiş olduq”. 

A.Əlizadə əlavə edib ki, sammitdə Azərbaycan liderinin ən yüksək səviyyədə qəbul edilməsi onun qlobal çaplı liderə çevrildyini nümayiş etdirir:
“Yəqin ki, bundan sonrakı prosesdə də qardaş Türkiyə ilə yanaşı Azərbaycan da Qəzzada bərpa-quruculuq işlərinin həyata keçiriməsində, bilavasitə iştirak edəcək. Amma istənilən halda Azərbaycanın sülh prosesində iştirakı və Prezidentin bu sammitə qatılması ölkəmizin artan nüfuzundan, qlobal masştabda aktorlardan birinə çevrilməsindən xəbər verir ki, bu da təbii ki, olduqca mühüm məsələdir”. 

Deputat deyib ki, Azərbaycan əvvəlki dönəmlərdə sülhməramlı qüvvələrin tərkibində bir sıra ölkələrdə iştirak edib. Əfqanıstanı hətta ən son tərk edən sülhməramlı qüvvələrdən olub: 

“Əgər Qəzzada sülhməramlı məsələsi gündəmə gəlsə, təbii ki, bu prosesdə də Azərbaycanın iştirakı istisna edilə bilməz. Amma hesab edirəm ki, daha çox Qəzzanın yenidən qurulması, bərpasında Azərbaycanın iştirakı mümkün olacaq. Türkiyə birmənalı olaraq bu prosesə qatılacaq. Necə ki, Suriyada Azərbaycan Türkiyə ilə birgə proseslərə cəlb olunub, eləcə də humanitar yardımların çatdırılmasında iştirak edir, hesab edirəm ki,  Qəzzada da bərpa-quruculuq işlərində Azərbaycan cəlb oluna bilər. Ölkəmizin xüsusilə də son beş ildə işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa quruculuq işlərini həyata keçirməsi, bu sahədə artıq böyük təcrübəsinin olması ona imkan verir ki, prosesə dəvət olunsun və çox böyük ehtimalla Azərbaycan bu məsələdə qardaş Türkiyə ilə yanaşı iştirak edəcək”.