AMİP-30
arzuxan

ABŞ və Rusiya məhbus mübadiləsi ilə bağlı danışıqlar aparır

Rusiya və ABŞ arasında növbəti məhbus mübadiləsinin həyata keçirilməsi mümkünlüyü müzakirə olunur. KİV-in məlumatına görə, o, bu fikri ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və administrasiyanın digər rəsmiləri ilə müzakirə edib. Lakin nə K.Dmitriyev, nə də ABŞ administrasiyasının nümayəndələri mübadilədə hər iki tərəfdən hansı məhbusların iştirak edə biləcəyi barədə məlumat verməyiblər.

Mövzu ilə bağlı AMİP sədri, millət vəkili Arzuxan Əlizadə “İnformator.az”a açıqlamasında bildirib ki,  Birləşmiş Ştatları və Rusiya arasında məhbus mübadiləsi ilə bağlı görüşlər keçirilib:

“Amerika Birləşmiş Ştatları və Rusiya arasında məhbus mübadiləsi ilə bağlı danışıqlar keçirilib. Danışıqlarda Kremlin yüksək rütbəli nümayəndəsi, ABŞ Prezidentinin xüsusi nümayəndəsi və administrasiyanın digər yüksək rütbəli şəxsləri iştirak edib. Belə təmaslar bundan əvvəl də baş tutub. Bir neçə dəfə Amerika Birləşmiş Ştatları və Rusiya arasında məhbus mübadiləsi ilə bağlı görüşlər keçirilib və müəyyən nəticələr əldə olunub. Hətta aprel ayında konkret şəxslərin mübadiləsi ilə bağlı bir görüş Əbu Dabidə, Birləşmiş Ərəb Əmirliklərində baş tutmuşdu. Fərqli məkanlarda və mövzularda keçirilən görüşlərdə məhbus mübadiləsi məsələsi də müzakirə olunub və həllini tapıb. Zamanında Amerika Birləşmiş Ştatlarının kəşfiyyat məlumatlarını ötürməsi ilə bağlı ittiham edilərək həbs olunan şəxslər, eləcə də Rusiyada həbs olunan ABŞ vətəndaşlığı olan şəxslərin mübadiləsi baş tutub. Bu dəfəki  görüşdə də tərəflərin müəyyən razılaşma əldə etdiyi bildirilib. Mətbuata açıqlamalarda konkret kimlərin mübadilə ediləcəyi hələ açıqlanmayıb və bəzən bu məlumatlar məxfi saxlanıla bilər”.

Ekspertin sözlərinə görə, ABŞ və Rusiya arasında yalnız məhbus mübadiləsi deyil:

“İctimaiyyətə açıqlanan məlumatlar göstərir ki, ABŞ və Rusiya arasında qarşılıqlı təmaslar mövcuddur. Bu təmasların mətbuata açıqlanmasının məqsədi tərəflər arasında kommunikasiya və etimad mühitinin mövcud olduğunu göstərməkdir. Xüsusilə Ukrayna və Rusiya müharibəsi kontekstində belə bir informasiyanın paylaşılması göstərir ki, ABŞ və Rusiya arasında yalnız məhbus mübadiləsi deyil, digər məsələlərin də müzakirəsi üçün imkanlar mövcuddur. Beynəlxalq ictimaiyyət üçün bu pozitiv bir məqamdır. İndiki narahat dünyada, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi dörd ilə yaxın davam etdiyi bir dövrdə tərəflər arasında danışıqların mövcud olması gərginliyin azalmasına və münaqişələrin dayandırılmasına xidmət edə bilər. Bu, həm ABŞ, həm də Rusiya kimi böyük və güclü ölkələr arasında münasibətlərin normal inkişafını göstərir. Nəticə əldə olunarsa, bu yalnız alqışlanmalıdır”.