AMİP-30

Afsəddin Nəbiyev: “Rusiya heç vaxt istəməz ki, onun təsir dairəsində olan regionda Vaşinqton sülh yaratsın”

ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə keçmiş Qarabağ münaqişəsi mövzusunda telefon danışığı aparmasından bəhs edib.

O, bu barədə Vaşinqtonda ABŞ-Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxışı zamanı bildirib.

Tramp telefon danışığında Putinin onun bu münaqişəni həll etdiyinə inana bilmədiyini qeyd edib.

“Bu münaqişə neçə illərdir davam edirdi. Putin mənə zəng edib dedi ki, sənin bu münaqişəni həll edə bildiyinə inana bilmirəm, biz bunu uzun müddətdir həll etməyə çalışırdıq. Mən dedim ki, bu barədə narahat olma, sadəcə olaraq, imkan ver, sənin lənətə gəlmiş müharibəni həll edim. Mənim heç bir köməyə ehtiyacım yoxdur. Mənim sizin müharibənizlə bağlı köməyə ehtiyacım var”, – Tramp Putinlə telefon danışığını şərh edərkən deyib.

Doğrudanmı Rusiya Qarabağ məsələsini uzun müddətdir həll etməyə çalışırdı, amma bunu edə bilmirdi? Putinin bu fikirləri nə dərəcədə səmimidir? Putin deyir ki, “sənin bu münaqişəni həll edə bildiyinə inana bilmirəm”. Belə bir fikir səsləndirən lider necə səmimi ola bilər? Putin əslində bununla Trampa eyham vurur ki, Azərbaycanla Ermənistan arasında münaqişənin həlli ilə öyünmə, mən bunun həllinə imkan verməyəcəyəm. Bunun altında əslində belə bir mesaj yatırmı? Putin sanki demək istəyir ki, qoymaram münaqişə həll olunsun.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Putinin KQB polkovniki olduğunu nəzərə alsaq, onun fikirlərində bu eyham sezilir: “Bəli, Rusiya heç vaxt istəməz ki, onun təsir dairəsində olan regionda Vaşinqton sülh yaratsın. Bu, danılmaz həqiqətdir. Çünki postsovet məkanında münaqişə ocaqlarını yaradan Rusiya kəşfiyyatı olub. Ancaq Rusiyanın indi elə gücü yoxdur ki, sülh prosesinə əvvəlki kimi mane ola bilsin. Qarabağ münaqişəsi 1988-ci ildən başlayaraq postsovet məkanının ən uzun sürən münaqişələrindən biri oldu. 1994-cü ildə atəşkəs əldə olunsa da, münaqişə “dondurulmuş” vəziyyətdə saxlanıldı. Bu dövrdə Rusiya həm ATƏT-in Minsk Qrupunun üzvü, həm də regionda əsas güc kimi çıxış edirdi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi və Rusiya sülhməramlıları bölgəyə yerləşdirildi. Rusiya niyə münaqişəni həll etmədi? Bu sual indiki situasiyada, əlbəttə, ritorik ola bilər. Moskva münaqişəni tam həll etməklə Ermənistan üzərindəki təsirini itirə bilərdi. Bu da onların maraq dairəsində deyildi. Ermənistan Rusiyanın təhlükəsizlik “asılılığında” qalırdı. Münaqişənin davam etməsi həm Bakıya, həm də İrəvana qarşı təzyiq vasitəsi idi. Rusiya hər iki tərəfi balansda saxlayaraq öz rolunu “zəruri vasitəçi” kimi təqdim edirdi. Azərbaycan münaqişənin sülh yolu ilə həllini dəfələrlə təklif etsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi və Rusiyanın status-kvonu qoruma siyasəti prosesi dalana salırdı. Putin “illərlə həll etməyə çalışırdıq” deyərkən, əslində Moskvanın münaqişəni həll etmək yox, idarə etmək niyyətini ört-basdır edir. Bu ritorika Rusiyanın özünü “sülhün memarı” kimi göstərmək cəhdidir, halbuki, faktiki olaraq münaqişənin uzanmasında Kremlin rolu danılmazdır. Trampın danışığı isə daha çox siyasi şou xarakteri daşıyır. ABŞ-ın bölgədəki rolunu qabartmaq və Rusiyanın zəifliyini vurğulamaq Tpampın sülh təşəbbüslərini dəstəklənməsi mahiyyətini əks etdirir. Münaqişənin həllində real iradə və nəticə Azərbaycan dövlətinə məxsusdur. Müharibədən əvvəl də, sonra da Azərbaycan sülh müqaviləsi və normal qonşuluq münasibətləri üçün təşəbbüslər irəli sürdü. Qələbədən sonra Azərbaycan qalib tərəf kimi sülh gündəliyini davam etdirdi, bu isə regionda yeni reallıq yaratdı. Rusiya münaqişəni həll etmək istəsəydi, bunu edə bilərdi. Amma Kremlin maraqları sülh yox, təsir alətinin qorunması idi. Putin-Tramp telefon danışığı daha çox siyasi ritorika və özünü haqlı göstərmək cəhdidir. Reallıq ondan ibarətdir ki, əsl həll memarı Azərbaycan dövləti oldu – həm müharibədə qələbə qazandı, həm də sülh təşəbbüsləri ilə çıxış etdi. Qarabağ münaqişəsinin həqiqi həlli yalnız Azərbaycanın iradəsi və gücü ilə mümkün oldu. Rusiya isə bu münaqişəni “həll etməyə çalışırdıq” deyərək, əslində öz geosiyasi oyunlarını gizlətməyə çalışırdı”.