AMİP-30

Eldar Əzizov “fövqəladə komanda” yaratdı

Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb.

Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib. Paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti məsələləri sonuncu olaraq Bakı şəhərinin Suraxanı, Səbayel və Nəsimi rayonlarında müzakirə edilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Qeyd olunub ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib. 

Qeyd edək ki, bu toplantılar illərdir keçirilir, hər mövsüm eyni tapşırıqlar verilir, inventar və duz ehtiyatının yaradıldığı bildirilir, amma qış gələndə mənzərə dəyişmir. Bakı sakinlərinin təcrübəsi göstərir ki, qar yağdığı günlərdə mərkəzi küçələr nisbi şəkildə təmizlənir, lakin şəhərin böyük hissəsi – məhəllələr, ara yollar, hündürmərtəbəli yaşayış komplekslərinin ətrafı, piyada səkiləri – saatlarla, bəzən günlərlə buz və qar altında qalır.

Qış aylarının ən ciddi problemi isə nəqliyyatın iflic olmasıdır. Paytaxtda hər il eyni ssenari təkrarlanır: azca qar yağanda avtobuslar gecikir, metro çıxışlarında sıxlıq yaranır, əsas magistral yollarda qəzalar artır, taksi qiymətləri kəllə-çarxa çıxır.

Bakıda qışa hazırlıqla bağlı müşavirələr, rəsmi çağırışlar, protokol qərarları həmişə çox olur. Problem bu sənədlərin mövsüm başlayanda necə icra olunmasıdır. Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilməsi də maraq doğurur. Bu o deməkdir ki, Bakı merinin “fövqəladə komanda”sının üzərinə də ciddi məsuliyyət qoyulub, onlardan rayon rəhbərliyinin qış mövsümündə gördüyü işlərlə bağlı dəqiq hesabat istəniləcək. Bakı şəhərində 12 rayon var: Binəqədi, Xətai, Sabunçu, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Səbayel, Xəzər, Yasamal, Pirallahı, Suraxanı. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt üzrə icraedici hakimiyyətin ümumi rəhbəridir. Belə görünür ki, bu qış sərt keçərsə, bir neçə icra başçısı “sınaqdan” çıxmaya da bilər…

Parlamentin üzvü Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, hər ilin oktyabr-noyabr aylarında BŞİH-də müşavirə keçirilir, rayonlar rəhbərləri, kommunal xidmətlərə cavabdeh şəxslər qarşısında tapşırıqlar qoyulur. Deputatın sözlərinə görə, bu tapşırıqlar qışın bütün çətinliklərinə hazır olmaq, ön tədbirlər görmək və əhalinin üzləşdiyi çətinliklərin aradan qaldırılması ilə bağlı olur. A.Əlizadə hər qış şəhər əhalisinin eyni problemlərlə üzləşdiyini vurğuladı: “Təəssüf ki, təbiət şıltaqlıq edəndə Bakıda ciddi problemlər meydana çıxır. Məsələn, bir neçə gün ardıcıl yağış olanda yeraltı keçidlər su ilə dolur, kanalizasiya xətlərinin yararsızlığı üzə çıxır, qar yağanda isə texnikaların çatışmazlığı problemi meydana gəlir. Nəticədə əziyyət çəkən şəhər əhalisi olur”. 

Deputat Bakıda hər il qar və yağış olanda ənənəvi problemlərin üzə çıxdığını bildirdi: “Bu il istəməzdik ki, həmin çətinliklər təkrar olunsun. Ona görə də əhali sərt qış və qar istəmir ki, bu  problemlərlə üzləşsin. Çünki yollar keçilməz, ictimai nəqliyyatın hərəkəti isə iflic olur. Bundan başqa, Bakıətrafı qəsəbələrdə ciddi problemlər yaranır. Xüsusən da kanalizasiya xətləri ilə bağlı məsələlər ortaya çıxır. Ümumiyyətlə, müasir dövrdə vətəndaşlar qar və yağış problemləri ilə üzləşməməlidir. Hazırda olan müasir texnikalar təbiətin yaratdığı çətinlikləri tezliklə aradan qaldırmağa imkan verir. Biz bunu Avropa ölkələrində də görə bilərik. Odur ki, Bakıda bu qış ciddi problemlərin olmayacağına ümid edirik”.