Afsəddin Nəbiyev: “Bu, Rusiyanın KTMT üzvlərinin digər bazarlara çıxışını bağlamaq və silah alışına onları məcburi etmək deməkdir”
Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrini yeni Rusiya silahları ilə təchiz etməyi təklif edib.
O, KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən iclasında bu haqda danışıb: “Biz kollektiv qüvvələrin real hərbi əməliyyatlar zamanı effektivliyini sübut etmiş müasir Rusiya silah və texnika nümunələri ilə təchiz olunması üçün irimiqyaslı proqramın işə salınmasını təklif edirik”.
Putin onu da bildirib ki, Rusiya KTMT-nin hərbi potensialını gücləndirmək üçün təşkilatdakı müttəfiqlərlə birgə işləyəcək. Prioritetlərə gəlincə, buraya milli kontingentlərin döyüş qabiliyyətini artırmaq, kollektiv qüvvələrin idarə olunmasını təkmilləşdirmək daxildir.
Rusiya KTMT üzrə müttəfiqlərinə yeni növ silahların satışına başlayıb. Bu, bir növ onları yeni silahlar almağa məcbur etmək deməkdir. Aydın məsələdir ki, bu silahları pul müqabilində müttəfiqlərinə təqdim edəcək. Rusiya Ukraynada gedən müharibə ilə əlaqədar böyük sayda silah istehsal edir. Müharibə bitəndən sonra həmin silahları satmaq zərurəti yaranacaq. Rusiyada iqtisadi vəziyyət ağır olduğuna görə, Putin yeni silahları KTMT-nin üzvlərərinə satmağı planlaşdırır.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Putinin bu təşəbbüsü arxasında duran həqiqi motivlər və iqtisadi zərurətlər daha dərin, dramatik bir mənzərəni ortaya qoyur: “Bu, sadəcə təhlükəsizlik əməkdaşlığı deyil, ağır iqtisadi və siyasi şərtlər altında qalan Kremlin məcburi iqtisadi manevridir. Ukraynada davam edən genişmiqyaslı müharibə Rusiyanın iqtisadi və resurs bazasına ciddi zərbə vurub. Qərb sanksiyaları və hərbi əməliyyatların nəhəng xərcləri ölkə iqtisadiyyatını faktiki olaraq “hərbi relslərə” keçirib. Böyük həcmdə silah istehsalı müharibənin tələbi olsa da, müharibə bitdikdən sonra bu nəhəng hərbi-sənaye kompleksini saxlamaq üçün yeni bazarlar tapmaq həyati zərurətə çevriləcək. Putin məhz bu kontekstdə KTMT-yə üzv ölkələrə müraciət edir. Bu, bir növ, müharibə sonrası artan silah ehtiyatlarının “zərərdən çıxma” vəsaitinə çevrilməsi planıdır. Rusiya iqtisadiyyatındakı çətinliklər fonunda yeni silahların KTMT müttəfiqlərinə pul müqabilində satılması, həm də iqtisadi çöküşün qarşısını almaq üçün “təcili pul axını” yaratmaq məqsədi güdür. Bu təklif, həm də KTMT dövlətlərini faktiki olaraq Moskvanın hərbi-texniki asılılığına daha çox salmaq və onların xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırmaq cəhdidir. “Yeni silahları bizdən alın, çünki onlar effektivliyi sübut edib” demək, digər bazarlara çıxışı bağlamaq və bir növ silah alışına onları məcbur etmək deməkdir. Məsələnin digər tərəfi siyasi sığortadır. Rusiya Ukrayna cəbhəsində böyük insan və maddi itkilərlə qarşılaşdığı bir vaxtda bu itkiləri gələcəkdə potensial olaraq KTMT dövlətləri adı altında sığortalamağa çalışır. Onların hərbi potensialını öz silahları ilə gücləndirməklə, Rusiya özünü “kollektiv müdafiə” anlayışı altında daha çox təhlükəsiz hiss etmək istəyir. Bu, müttəfiqlərin hesabına öz ağır durumunu pərdələmək və gələcəkdə hər hansı təhlükə zamanı “birlikdə məsuliyyət daşımaq” tezisini gücləndirmək deməkdir. Əlbəttə, belə hiyləgər planlar Rusiyanın əleyhinə işləyəcək. Müharibənin gedişatı, Rusiyanın resurslarının tükənməsi və iqtisadiyyatın bərbad vəziyyəti bu “qələbəni” faktiki olaraq məğlubiyyətə bərabər edir. Bu fonda, KTMT üzvləri Rusiyanın düşdüyü ağır durumu çox yaxşı qiymətləndirirlər. Heç kəs “batan gəmidə” olmaq istəməz. Ermənistan kimi Rusiya ilə tarixi və hərbi əlaqələri güclü olan bir ölkənin belə KTMT-dən uzaqlaşma meylləri müşahidə olunur. Mərkəzi Asiya ölkələri isə Çin, Türkiyə və Qərb ilə əlaqələrini diversifikasiya etməklə, Moskvanın tam nəzarətindən çıxmağa çalışırlar. Onlar Rusiyanın silahlarını almaqla onun siyasi yükünü öz üzərlərinə götürməkdə maraqlı deyillər. Dörd ilə yaxın davam edən müharibə bitdikdən sonra Rusiyanı daha ağır illər gözlədiyini çox aydın mənzərə ilə görmək mümkündür. Bir sözlə, işğalçılığın nəticəsi çox ağır olacaq”.