AMİP-30

“Ermənistanın KTMT-dən tam olaraq çıxması hələ ki, mümkün deyil” – Deputat

Ermənistan öz anlamında balanslaşdırılmış siyasət aparır. Əslində isə həm Avropa İttifaqı ilə münasibətlərini normal məcrada yürütmək istəyir, eyni zamanda, KTMT üzvüdür, Avrasiya İqtisadi İttifaqında təmsil olunur, Avropa İttifaqı ilə münasibətlərini normallaşdırmaq siyasəti aparır. Faktiki olaraq Rusiyaya bir şıltaqlıq nümayiş etdirməkdədir”.

Bu barədə 525.az-a Milli Məclsiin deputatı Arzuxan Əlizadə Ermənistanın KTMT ilə bağlı mövqeyini şərh edərkən bildirib.

Deputat deyib ki, vaxtilə Paşinyanı  hakimiyyətə gətirən Avropa və Qərb dairələri onun üzərinə Ermənistanı Rusiya təsirindən çıxartmaq öhdəliyini qoyub:

“Ermənistan bu istiqamətdə siyasət yürüdür. KTMT-dən birmənalı olaraq çıxmaq hələ ki, mümkün deyil. Ona görə də faktiki olaraq tədbirlərdə iştirak etməsə də, KTMT-nin üzvü olaraq qalmaqdadır. Görünür, Ermənistan əlverişli məqam axtarır ki, Rusiyaya arxa çevirib üzünü Qərbə doğru yönəltsin. Amma məsələ burasındadır ki, hələ də Rusiyadan asılılığı kifayət qədər yüksək səviyyədədir. Həm iqtisadiyyatı Rusiyadan asılıdır, eyni zamanda, Rusiyanın hərbi qüvvələri Ermənistan ərazisindədir. Məlum olduğu kimi, Rusiya ilə bununla bağlı 49 illik müqavilə var. Bütün bunlar Ermənistana tam olaraq KTMT-nın üzvlüyündən çıxmaq imkanlarını tanımır deyə, hələlik bu cür mövqe sərgilənir”.

Deputat xatırladıb ki, Emənistanın guya Rusiyadan, KTMT-dən incikliyi olduğu üçün belə davranır: “Söhbət 44 günlük müharibədən gedir. Amma əslində bu qurumda qayda belədir ki, üzv ölkələrdən birinin ərazisinə təcavüz edilərsə, digər ölkələr bu prosesə qoşulmuş olurlar. Ermənistan öz ərazisində müharibə aparmırdı. Müharibə Azərbaycan ərazisində gedirdi. Azərbaycan Ermənistan ərazisinə təcavüz etməmişdi. Ermənistan bizim ərazilərimizi işğal etmişdi və Azərbaycan öz ərazisində müharbə apararaq erməni qoşunlarını çıxarıb, işğala son qoydu. Ona görə də KTMT üzvləri heç bir halda bu prosesə qoşula bilməzdilər. Bu mənada Ermənistanın gətirdiyi bəhanə də əsassız idi”.

Ermənistanın KTMT-də qeyri-müəyyən fəaliyyətinin nə qədər davam edə biləcəyinə gəlincə, deputat xatırladıb ki, bu ölkə hələ də Rusiyanın təsiri altındadır, iqtisadiyyatı köklü sürətdə Moskvadan asılıdır:

“İstənilən halda Ermənistana Rusiyanın təsir etmək imkanları kifayət qədər yüksəkdir. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıracağı, Zəngəzur dəhlizinin açılacağı və artıq fəaliyyətə başlayacağı təqdirdə, bu asılılıqdan çox böyük ölçüdə qurtarmış olacaq. Görünür ki, o zamana qədər Ermənistanın hələ də ikili siyasət yürütməsi davam edəcək”.

Qeyd edək ki, Ermənistan noyabrın 27-də Bişkekdə keçirilən KTMT sammitində iştirakdan imtina edib.