AMİP-30

Rəşad Bayramov: “Bu, Tehranda Zəngəzur dəhlizi ilə bağlı dərin fobiyanın davam etdiyini açıq şəkildə ortaya qoyur”

Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir. Bunu İranın İrəvandakı səfiri Xalil Şirqolami mətbuat konfransında deyib. O xatırladıb ki, “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb”.

Səfir TRIPP-lə bağlı isə bunları deyib: “Tehran bu təşəbbüsün ABŞ tərəfindən İrana qarşı fəaliyyətlərdə istifadə oluna biləcəyindən ehtiyat edir”.

Səfir onu da qeyd edib ki, İranın bu mövqeyi artıq Ermənistan tərəfinə çatdırılıb və tərəflər “Tramp Marşrutu”nun miqyasını və mahiyyətini anlamaq üçün mövzunu mütəmadi əsasda müzakirə etmək barədə razılığa gəliblər.

Görünən odur ki, İranın Zəngəzur dəhlizi ilə bağlı yersiz fobiyası azalmaq bilmir.

Sözügedən məsələyə aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranın Ermənistandakı səfiri Xalil Şirqolaminin mətbuat konfransında səsləndirdiyi fikirlər Tehran-İrəvan münasibətlərində yaranan dərin narahatlığın və strateji etimadsızlığın açıq göstəricisi kimi qiymətləndirilməlidir: “Səfirin “Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir” açıqlaması faktiki olaraq Tehran tərəfindən ünvanlanan siyasi xəbərdarlıqdır. Bu bəyanat onu göstərir ki, İran artıq Ermənistanın son illər apardığı geosiyasi kursu öz milli təhlükəsizliyi baxımından riskli hesab edir. Səfirin “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” vurğusu da təsadüfi deyil. Bu, bir tərəfdən İranın Ermənistan üzərindəki mənəvi və siyasi dəstəyini xatırlatmaq, digər tərəfdən isə İrəvanın Qərbə doğru sürətləndirdiyi inteqrasiya xəttinin Tehranda yaratdığı narazılığı açıq şəkildə ifadə etmək cəhdidir. Xüsusilə ABŞ və Qərb strukturlarının Ermənistan ərazisində artan fəallığı İran tərəfindən artıq təhlükəsizlik çağırışı kimi qəbul olunur. TRIPP layihəsinə münasibət də bu narahatlığın davamıdır. İran bu layihəni iqtisadi və nəqliyyat kommunikasiyası kimi deyil, ABŞ-ın regionda və xüsusilə İrana qarşı istifadə edə biləcəyi geosiyasi mexanizm kimi görür. Səfirin bu mövqenin rəsmi şəkildə Ermənistan tərəfinə çatdırıldığını deməsi, Tehran-İrəvan arasında bu mövzuda ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir. Tərəflərin marşrutun miqyasını və mahiyyətini anlamaq üçün mütəmadi müzakirələr aparmaq barədə razılığa gəlməsi isə əslində İranın narahatlığının hələ aradan qalxmadığını sübut edir. Bütün bunlar rəsmi Tehranda Zəngəzur dəhlizi ilə bağlı dərin fobiyanın davam etdiyini açıq şəkildə ortaya qoyur. İran bütün davranışları və ritorikası ilə hələ də dəhlizin əleyhinə olduğunu göstərmiş olur. Halbuki Zəngəzur dəhlizi nə İranın sərhədlərinə, nə də onun suveren maraqlarına təhlükə yaradır. Əksinə, layihə regionda iqtisadi əlaqələrin genişlənməsinə və İran üçün də alternativ ticarət imkanlarının formalaşmasına xidmət edə bilər. Problem ondadır ki, Tehran hələ də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları qəbul etməkdə çətinlik çəkir və regional kommunikasiya layihələrinə əməkdaşlıq imkanı yox, güc və təsir itkisi riski kimi yanaşır. Ermənistanın isə bu reallıqlardan Qərb yönümlü alət kimi istifadə etməsi İranla münasibətləri daha da gərginləşdirir. Nəticə etibarilə, İranın verdiyi bu mesajlar həm İrəvana, həm də regiondakı digər aktorlara ünvanlanan strateji xəbərdarlıq xarakteri daşıyır deyə bilərik. Amma reallıq ortadadır və bu reallıq İranın nə deməsindən asılı olmayaraq dəyişməyəcək. Zəngəzur dəhlizi də, dəhlizin TRİPP marşrutu da mütləq fəaliyyətə başlayacaq”.