AMİP-30
/az/azərbaycan-milli-istiqlal-partiyasinin-mərkəzi-sura-sədri-bayramov-rəsad-aydin-oglu/

Yeni müharibə riski

“Azərbaycan və Ermənistan arasında yenidən genişmiqyaslı müharibə başlaya bilər”.

Bunu erməni diplomat, Ermənistanın birinci prezidentinin müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlar aparan Jirayr Liparityan Ermənistanın İctimai televiziyasının efirində deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaması regionda ciddi fəlakətlərə gətirib çıxara bilər:

“Əgər rəsmi İrəvan indi Azərbaycanla sülh müqaviləsi imzalamasa, yeni müharibə başlayacaq və Ermənistan yeni itkilər verəcək”.

Ümumiyyətlə, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan boyun qaçırdığı təqdirdə iki dövlət arasında yeni müharibənin başlaması ehtimal oluna bilər. 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya bildirib ki, belə bir vəziyyətdə Azərbaycan sülh müqaviləsinin imzalaması istiqamətində ciddi tədbirlər görəcək:

“Son 30 ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qaldı. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə ayrı-ayrı vasitəçilərin – istər Rusiya, istərsə ABŞ, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda müxtəlif bəyanatlar qəbul olunub, hətta müxtəlif məsələlər ilə bağlı razılaşmalar əldə olunub.

Lakin bu razılaşmaların icrası istiqamətində Ermənistan tərəfindən bu günə qədər konkret əməli addımların atıldığının şahidi olmamışıq. Hazırda rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə Ermənistan ordusunun tör-töküntüləri qalmaqda davam edir.

Bununla yanaşı, hər iki dövlət arasında sərhəd ərazilərin delimitasiya və demarkasiyası üzrə proseslərə təkan verilməyib, o cümlədən səkkiz kəndimiz hələ də Ermənistanın işğalı altındadır. Odur ki, Ermənistan hakimiyyəti bilərəkdən sülh prosesindən yayınmağa çalışır.

Belə olan halda Azərbaycan danışıqları davam etdirmək xatirinə susmaq və təkminli davranmaq yolunu tutmayacaq. Əgər Ermənistan sülh müqaviləsini imzalamaqdan imtina edərsə, onda Azərbaycanın tam haqqı çatır ki, hərbi əməliyyatlar keçirməklə sərhədlərini möhkəmləndirsin, qanunsuz erməni silahlı birləşmələrini öz ərazilərindən çıxartsın və digər zəruri tədbirlərin görülməsi istiqamətində addımlar atsın.

Ermənistan prosesdən yayındıqca və təxribatları davam etdirdiqcə, ciddi qarşıdurmaların baş verməsi qaçılmazdır. Ermənistanı o dərəcədə məğlub vəziyyətə salmaq lazımdır ki, bu dövlət Azərbaycanın bütün tələblərinə imza atmağa məcbur olsun”.

Yunis Abdullayev
Cebhe.info