AMİP-30

“Mehridən keçəcək yollarla bağlı praktiki işlər aparılmır” – Arzuxan Əlizadə

Ermənistan mətbuatında Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” gündəm  olub. Bir sıra dairələr bunu ciddi narahatlıq içində izləyirlər.

Erməni KİV-ləri Prezidentin sərəncamını belə şərh edib: “Zəngəzur dəhlizinin açılışı Naxçıvanda dəmir yolu infrastrukturunun yenilənməsini zəruri edir. Bu barədə İlham Əliyevin təsdiq etdiyi NMR-in 2023-2027-ci illər üçün Dövlət İnkişaf Proqramında deyilir. Sənədə əsasən, dəmir yolu infrastrukturu yenidən qurulacaq, eləcə də təhlükəsiz və sürətli daşıma xidməti təmin ediləcək. Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi də nəzərdə tutulub. Layihə SOCAR tərəfindən həyata keçirilir. Bundan əlavə, Naxçıvan-Türkiyə yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, söhbət Ermənistan hakimiyyətinin istisna etməkdə davam etdiyi bir prosesdən gedir”.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə erməni tərəfinin Naxçıvanla bağlı sərəncamı təlaşla izləməsini bir sıra faktorlarla əlaqələndirdi: “Bəli, həqiqətən də erməni mətbuatında Zəngəzur dəhlizi ətrafında gedən proseslər diqqətlə izlənilir. Onlar yaxşı fərqindədilər ki, Horadiz-Zəngilan dəmir və avtomobil yollarının beynəlxalq standartlara uyğun çəkilməsi, bununla bağlı genişmiqyaslı infrastruktur işlərinin aparılması səbəbsiz deyil. Bütün hədəf Zəngəzurdan keçməklə Naxçıvan və daha sonra Türkiyə ilə nəqliyyat əlaqəsinin qurulmasıdır. Rusiya da öz maraqları naminə kommunikasiyaların açılmasında maraqlıdır. Naxçıvanda nəqliyyat xətlərinin yenilənməsi ümumi nəqliyyat daşımalarının bir parçasıdır. Üstəlik, gündəlikdə İqdırdan Naxçıvana dəmir yolunun çəkilməsi də planda var. O da bir reallıqdır ki, dəhliz məsələsində hələlik Ermənistan hakimiyyəti müqavimət göstərir. Mehridən keçəcək yollarla bağlı praktiki işlər aparılmır. Ancaq Ermənistanın kommunikasiyalarla bağlı konkret addımlar atması qaçılmazdır. Ona görə ki, bu, qarşısıalınmaz bir prosesdir. Çin və digər dünya gücləri Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində bu layihələrin reallaşmasında qərarlı görünürlər. Üstəlik, Ermənistanın Türkiyə və Azərbaycanla normal münasibətlər qurması, bu ölkənin inkişafı məhz sözügedən kommunikasiya xətlərinin açılmasından keçir. O üzdən, Ermənistan istəsə də, istəməsə də bu layihələrin içində olmağa məhkumdur. Əsas odur ki, onlar xəstə iddialarından əl çəksinlər və sağlam qərarlar versinlər. Vaxtı uzatmağın heç bir mənası yoxdur. Proseslər Azərbaycanın maraqlarına uyğun gedir”.

Vidadi ORDAHALLI

baki-xeber.com