AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bu, sərsəm və siyasi əsası olmayan bir çağırışdır”

İrəvanda keçirilən mətbuat konfransında Almaniya Bundestaqının Xarici əlaqələr komissiyasının sədri Mixael Rott deyib ki, ümid edir Azərbaycan tərəfi də Aİ-nin mülki missiyasının orada fəaliyyətinə razılıq verəcək, lakin bununla bağlı optimist siqnallar alınmayıb.

Həmçinin qeyd edib ki, regionda sülhü təmin etmək, bunun üçün çalışmaq təkcə Ermənistanın işi deyil: “Biz Aİ-nin mülki missiyasını Ermənistanda monitorinq keçirməyə dəvət etdiyinə görə Ermənistan hökumətinə minnətdarıq. Aİ missiyasının yaxın gələcəkdə fəaliyyətini genişləndirəcəyini məmnuniyyətlə elan edirik. Və ümid edirik ki, Azərbaycan tərəfi də Azərbaycan tərəfdən analoji missiyanın fəaliyyətinə razılıq verəcək. Azərbaycan həm də ümumi regional təhlükəsizlik və dünyanın sabitləşməsinin iştirakçısına çevrilməlidir. Bu, tərəflərə təqdim etdiyimiz təklifdir və onların cavabını gözləyirik”.

Yəni belə çıxır ki, Azərbaycan sülhə çalışmır? Sanki sülh üçün regionda çalışan yalnız Ermənistandır, bir Azərbaycandan başqa. Bütün bunlar nə deməkdir? Necə yəni Azərbaycan da Aİ missiyasını qəbul etsin?

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP-in sədr müavini Afsəddin Nəbiyev alman deputatın çağırışını sərsəm təklif adlandırdı: “Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rottun Ermənistanda Avropa İttifaqının monitorinq apardığını yüksək qiymətləndirməsi, Azərbaycanın da mülki missiyasının fəaliyyətinə icazə verəcəyinə ümid etməsi komitə sədrinin Cənubi Qafqazdakı reallıqları dərk edə bilmədiyini ortaya çıxarır. Bu, sərsəm və siyasi əsası olmayan bir çağrışdır. Azərbaycan xalqı beynəlxalq missiyaların fəaliyyətinin son 30 ildə nədən ibarət olduğunu  çox yaxşı bilir. Avropa İttifaqının İşğalçı Ermənistanla, işğala məruz qalmış Azərbaycana olan ədalətsiz davranışları və bütün bunlar dünyanın gözü qarşısında  baş verib. Günü bu gün Azərbaycanın Ermənistan tərəfindən minalanmış ərazilərində dinc insanlar həlak olmaqdadır. Biz Avropa İttifaqının missiyasına ona görə etibar etmirik ki, bu, “missiya”lar Azərbaycan xalqına qarşı edilən bütün ədalətsizliklərə göz yumub. Bu sırada ATƏT-in Minsk Qrupu, BMT, həmçinin Aİ bölgədə sülhün təmin olunmasında hansı müsbət işləri görüb? Bax bu suala cavab axtarsınlar. Uzun illər boyu xalqımız bunların sülhə töhfə verəcək hər hansı uğurlu addımlarını müşahidə etməyib. Azərbaycanın 20 faiz işğal olunmuş əraziləri, yaşayış məskənləri, bütövlükdə infrastrukturu ermənilər tərəfindən yerlə yeksan edildi. Bu qurumların hansı biri Ermənistana sanksiya tətbiq olunması təşəbbüsünü ortaya qoydu? Heç biri. İndi də missiya oyununu ortaya çıxarıblar. Azərbaycan dövləti erməni işğalçılarını şəhidlərimizin, şanlı ordumuzun qəhrəmanlığı sayəsində təkbaşına, ərazilərimizdən təmizlədi. Bu şanlı qələbədən sonra Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasında aparıcı dövlət olaraq Azərbaycan öz töhfəsini verməkdədir. Yaxşı olar ki, Aİ öz missiyasını Ermənistana yönləndirib Azərbaycana qarşı mina terrorunun hesabını tələb etsin. Azərbaycanın dağıdılmış infrastrukturuna təzminatı tələb ersin. Birmənalı olaraq bildirirəm ki, bu bölgənin təhlükəsizlik arxitekturası məhz güclü Azərbaycan dövləti tərəfindən təmin olunmaqdadır. Bu missiyanı Azərbaycan dövləti öz müttəfiqləri ilə birlikdə sülhə nail olmaqla tamamlayacaq”.

Vidadi ORDAHALLI

baki-xeber.com