AMİP-30

İstintaq materialları Moskvadan alınmalıdır – Etibar Məmmədov

20 Yanvar qətliamı ərəfəsində odövrkü Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş deputat, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə bəhs edilən faciəyə bundan sonra beynəlxalq səviyyədə qiymət verilməsi üçün atılmalı olan addımlar, keçmiş SSRİ-nin varisi kimi Rusiya Federasiyası qarşısında bununla bağlı məsələ qaldırılmasının mümkünlüyü, buna rəsmi Moskvanın necə reaksiya verəcəyi və  və s. haqqında danışdıq.

–   Etibar bəy, keçmiş  Sovet imperiyası rəhbərliyi və ordusu tərəfindən Azərbaycana xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 34 il keçir. Onun əsas təşkilatçı və icraçıları; keçmiş SSRİ prezidenti M.Qorbaçov, SSRİ Ali Soveti İttifaq sovetinin sədri  Y.Primakov, müdafiə naziri, general D. Yazov və b. vəfat edib. Təəssüf ki, ölkə səviyyəsində bu qətliama siyasi qiymət verilsə də, beynəlxalq səviyyədə bu istiqamətdə heç bir addım atılmayıb. Sizcə, bundan sonra həmin qətliamın dünya miqyasında tanınmasına nail olmaq üçün hansısa bir iş görmək mümkündürmü?

–       20 Yanvar qətliamının insanlıq əleyhinə bir cinayət olması şəksizdir. Və  beynəlxalq hüquqda da belə cinayətlərin müddəti olmur.  Yaxın tariximizdə dünyada belə nümunələr olub. Yəni, digər faciələr kimi, Qara Yanvarın da üzərindən nə qədər vaxt keçməsinə baxmayaraq istənilən vaxt onunla bağlı ittiham beynəlxalq səviyyədə – Beynəlxalq Ədalət Məhkəməsində qaldırıla bilər. Bu haqda hələ 1990-cı illərdə dəfələrlə məsələ qaldırsaq da, təəssüf ki, bu günədək heç 20 Yanvar qətliamının istintaqı da başa çatdırılmayıb. Bu məsələnin beynəlxalq səviyyəyə çıxarılması rəsmi qurumlardan, hüquq-mühafizə orqanlarından asılıdır. Yəni ilk növbədə, həm hüquqi, həm də siyasi qiyməti dəqiqləşdirmək lazımdır…

Bir sözlə, 20 Yanvar məsələsi Azərbaycan xalqına qarşı baş vermiş bir cinayət, dinc əhaliyə silah qaldırılması, atəş açılması faktı kimi mütləq beynəlxalq səviyyədə qaldırılmalı və lazımi qiymət verilməsinə nail olmalıdır. Keçmiş SSRİ ərazisində, yəni Qazaxıstanın keçmiş paytaxtı Almatıda, Gürcüstan paytaxtı Tiflisdə, Litva paytaxtı Vilnüsdə sovet ordusunun törətdiyi oxşar cinayətlər həmin dövlətlər tərəfindən beynəlxalq səviyyədə SSRİ-nin törətdiyi cinayətlər kimi qiymətini alıb. Bakıda 1990-cı ilin yanvarında baş verənlər isə yalnız ermənilərin qaldırdığı “erməni talanları” səviyyəsində tanınıb…

–   Təbii ki, 20 Yanvar qətliamının əsas məsulu SSRİ imperiyası idi, hazırda isə hüquqi baxımdan bu məsuliyyəti həmin imperiyanın xələfi olan Rusiya Federasiyası daşıyır. Yəni indi biz bu faciə ilə bağlı ciddi məsələ qaldırsaq, ilk növbədə, Moskva qarşısında da müəyyən tələblər qoymalı, o vaxtdan SSRİ prokurorluğunda qalmış, səhv etmirəmsə, 88 cildlik cinayət işinin geri qaytarılmasını tələb etməliyik. Bu gün Azərbaycan dövləti Rusiya ilə, demək olar ki, müttəfiqlik münasibətlərindədir… Necə düşünürsüz, bu cür ciddi bir müraciət etsək, Kreml buna müsbət cavab verərmi?

–   Bütün hallarda müraciət etmək lazımdır. SSRİ-nin cinayətləri ayrı məsələdir, konkret indiki Rusiyanın etdikləri ayrı… Moskvaya müraciət etmək lazımdır və  həmin cinayət işinin materiallarının Bakıya qaytarılmasını tələb etmək gərəkdir.

–   Yəni 20 Yanvar qətliamına aid cinayət materiallarının xeyli qisminin Moskvada qalması doğrudur?

–   Bəli, cildinin sayını dəqiq bilmirəm. Onu bilirəm ki, o zaman – sovet dövründə Moskvaya tabe olduğumuz üçün 20 Yanvar faciəsinin istintaqıyla bağlı materiallar oraya göndərildi və 34 ildir orada qalıb, geri almaq mümkün olmayıb… Azərbaycan  Baş Prokurorluğu da hər dəfə məlumat verir ki, cinayət işinin materialları Moskvaya aparılıb…

–   34 il öncə sovet imperiyası tərəfindən törədilmiş 20 Yanvar qətliamı ərəfəsində odövrkü milli azadlıq hərəkatının liderlərindən biri kimi atdığınız hansısa addımla bağlı peşimançılıq çəkmirsiniz ki? Məsələn, filan addımı başqa cür atsaydım, daha doğru olardı?

–   Mən elə 20 Yanvar hadisələri ərəfəsində də ovaxtkı sovet imperiyasına qarşı öz mövqeyimi bildirmişəm. Bu, yalnız mənim mövqeyim olmayıb, bütün xalqın mövqeyi olub. Onminlərlə insan küçələrə çıxıb, sovet imperiyasına qarşı öz etirazını bildiribsə və həmin hadisədən sonra Azərbaycanın müstəqillik qazanması bir milli ideyaya çevrilibsə, buna görə heç zaman peşiman olmaq olmaz…

–   Biz mövqeni nəzərdə tutmuruq. Sadəcə, o günlər atdığınız hansısa konkret addımlarla bağlı peşimançılıq çəkib-çəkmədiyinizi soruşuruq…

–   Bəli, 20-30 il sonra, çox şeylər haqqında, demək olar ki, mən filan gün, filan saatda filan işi etməsəydim, hadisələr başqa cür inkişaf edərdi… O dövrdə mən Moskva müstəntiqləri tərəfindən sorğu-suala çəkiləndə də soruşurdular ki, filan hərəkəti sən eləmisən, cavab verirdim ki, bəli, mən eləmişəm, özü də doğru etmişəm. Arxivlərdə həmin istintaq, məhkəmə materialları da qalır. Mən heç vaxt öz mövqeyimdən geri çəkilməmişəm. Bu gün də deyirəm ki, 1990-cı ilin yanvarında mən də, xalq da hər şeyi düzgün edib, müqavimətə də haqqı var idi. Azərbaycana qarşı açıq təcavüz olmuşdu və xalqın da təcavüzə müqavimət göstərmək üçün yetərincə haqqı-hüququ vardır. Ovaxtkı sovet rəhbərliyi, Qorbaçov sübut etməliydilər ki, biz, Azərbaycan xalqı olaraq hansı qanunu pozmuşuq və hansı cinayəti etmişik ki, üzərimizə qoşun yeridirlər…

Bütün hallarda həmin hadisələr Azərbaycanda yeni bir milli ideyanın  – müstəqil milli dövlətçilik ideyasının formalaşmasına bir güclü təkan verdi və sonda bunun konkret olaraq formalaşmasına gətirib çıxardı…

–   1990-cı illərin yanvarında Azərbaycan xalqı sovet imperiyasına, Kremlin Ermənistandan Azərbaycan türklərinin kütləvi deportasiyasına, Qarabağla bağlı iddialarına verdiyi dəstəyə görə etiraz edirdi. Bu gün torpaqlarımız işğaldan azad olunsa da, təəssüf ki, həmin sovet imperiyasının xələfi olan və bu gün digər keçmiş sovet republikasının ərazisini amansız işğala məruz qoyan Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingenti 10 noyabr  2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Azərbaycan ərazisində, yəni keçmiş Dağlıq Qarabağ və “Laçın dəhlizi”ndə qalmaqdadır. Əgər birdən geosiyasi durum dəyişsə, 2025-ci ildə Rusiya öz qoşununu suveren ərazimizdən çıxarmağa müəyyən bəhanələrlə problemlər yaratsa və Azərbaycan dövləti və xalqı buna etiraz etsə, Rusiya buna necə reaksiya verər?..

–   İndiki durumda Rusiya Azərbaycana qarşı heç bir şey edə bilməz. Əvvəla, Rusiya qoşunları bütün Azərbaycan ərazisində deyil, yalnız paytaxtdan uzaq bir ərazidə və məhdud saydadırlar. İkincisi də, onlar müqavilə əsasında buradadırlar,  müqavilənin də müddəti gələn il bitir. Ona görə də Azərbaycan dövləti Rusiya hərbi kontingentini suveren ərazimizdən rəsmi şəkildə çıxarmaq mümkündür və mən belə düşünürəm ki, mümkün də olacaq. Üçüncüsü,  indiki geosiyasi durumda nə Rusiyanın, nə də digər bir dövlətin cəsarəti çatmaz ki, Azərbaycan ərazisinə hərbi müdaxilə etsin. Azərbaycanın özünün artıq formalaşmış dövləti və ordusu var, həmçinin dövlətimiz ciddi müttəfiqlərə malikdir. 1990-cı ildə Azərbaycan Rusiya ilə eyni dövlətin tərkibində idi və heç bir müdafiəsi, silahlı qüvvəsi olmadığından Moskva xalqımıza qarşı belə bir cinayət işləyə bildi. Bu gün isə Azərbaycan artıq müstəqil dövlətdir,  xalqımız da müstəqilliyə alışıb, müstəqilliyin dəyərini də bilir, onu qorumağı da bacarır. Odur ki, Azərbaycana hərbi müdaxilə qeyri-mümkündür və bunu etmək istəsələr belə, bunun nəticələri Rusiyanın özü üçün ağır olar…

hafta.az