AMİP-30

Afsəddin Nəbiyev: “Nikol cəmiyyətinə demək istəyir ki, ölkənin mövcud Konstitusiyası ilə sülh mümkün görünmür”

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı ölkə Konstitusiyasına ediləcək dəyişiklikdən danışarkən bir sıra məqamlara toxunub: 

“Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil. Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər. Amma Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər. Erməni xalqı nə istəyir?”.

Paşinyanın “Sülh müqaviləsində deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər” fikri diqqəti cəlb edir. Deməyindən belə çıxır ki, qanunvericilikdə sülhə maneə yarada biləcək maddələr qalmamalıdır. 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Paşinyan cəmiyyətin rəğbətini qazanmaq üçün hər zaman müxtəlif mülahizələrlə gündəmi zəbt edə bilir: “Onun hakimiyyətə gəldiyi gündən bugünədək çıxışlarında hər hansı bir məsələyə aid ardıcıl mövqeyini görmək mümkün deyil. Əsas məqsədi rabitəsiz qeyri-müəyyən çıxışları ilə yalnız öz hakimiyyətini qorumaqdan ibarətdir. Paşinyanın özü çox gözəl anlayır ki, artıq “Dağlıq Qarabağ” anlayışı mövcud deyil. Bu anlayış artıq keçmiş zamanda işlənir. 2023-cü ilin sentyabr ayından sonra Qarabağ mövzusu heç bir dövlətin müzakirə mövzusu deyil və ola da bilməz. Qarabağ Azərbaycanın tarixi, əzəli əbədi ayrılmaz ərazisidir. Azərbaycan dövləti öz suveren ərazisində, işğaldan azad olunmuş ərazilərində Xankəndi şəhəri də daxil olmaqla dövlətin bütövlüyünü təcəssüm etdirən Prezident seçkilərini keçirdi. Bu bir mesaj deyil, bu hadisə ədalətin təntənəsidir. Paşinyanın bu çıxışları  Ermənistanda revanşist qüvvələri neytrallaşdırmaq  üçün nəzərdə tutulub. Onun tarixi ədaləti hələ də formalaşdırmamışıq mülahizəsi, əslində bizim dövlətə aid məsələdir. O, bu məsələni özlərinə aid etməklə, Fransa  kimi dövlətlərin qızışdırıcı addımlarına getməklə daha təhlükəli oyunlara gedir. Azərbaycan dövlətinin hesabına süni şəkildə yaradılmış Ermənistan rəhbərliyi hansı tarixi “ədalət”dən danışır? Erməni xalqı “tarixi ədalət” dedikdə onların beyinlərinə yeridilmiş mifik əfsanələri başa düşür. Erməni rəhbərliyi, eyni zamanda cəmiyyəti artıq dərk etməlidir ki, müasir dünya mifik təsəvvürlərlə idarə olunmur . O ki qaldı “Sülh müqaviləsində öhdəliklərini yerinə yetirməmək üçün tərəflərin heç bir qanunvericilik aktına istinad edə bilməzlər” fikrinə, bu, əlbəttə diqqəti cəlb edən məsələdir. Paşinyan cəmiyyətinə demək istəyir ki, ölkənin mövcud Konstitusiyası ilə sülh mümkün görünmür. Bununla Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymaq real deyil. Çünki ermənilərin qanunvericiliyində hər iki ölkəyə qarşı ərazi iddiaları var. Yəni bunlar ortadan qaldırılmalıdır. Fikrimcə, sülh müqaviləsi beynəlxalq hüquq təməl prinsiplərinə əsaslanmalı, orada ən incə detallar gözdən qaçmamalıdır. Bu müqavilə üçüncü tərəfin iştirakı olmadan bağlanarsa hər iki xalq arasında etimadı möhkəmləndirər. Bu addımlar Cənubi Qafqazda sülhün, sabitliyin təmin olunmasına böyük töhfələr verər”.