AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “İmzalanmış bəndlərə görə Rusiya antiterror əməliyyatlarına maneçilik etmədi”

Fevralın 22-də Moskvada imzalanan “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin 2 ili tamam oldu. 43 bənddən ibarət olan Bəyannamə 2022-ci ildə dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında imzalanıb.

Moskvada imzalanan sənədin 3 iyul 1997-ci il tarixli Müqaviləyə, “Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Prezidenti V.Putin və Azərbaycan Prezidenti İ.Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslandığı qeyd edilib.

Bütün bu deyilənlərin fonunda, bu razılaşma ötən 2 il ərzində Azərbaycana nə verdi? Bəyannamə Azərbaycanın Qarabağda öz suverenliyini tam təmin etməsində hansısa formada rol oynayıbmı? Yəni Rusiyanın 19-20 sentyabr antiterror əməliyyatlarına mane olmaması baxımından.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Əvvəlcə onu qeyd edim ki, 2 il bundan öncə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə, hər iki dövlət arasında münasibətlərin vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilərək imzalanıb. Bəyannamədə diqqət çəkən bir çox bəndlər Azərbaycan dövlətinin  müstəqilliyinin möhkəmlənməsinə, eyni zamanda müstəqil xarici siyasət kursunun davamlı olacağını bir daha sübut etdi. Ən vacibi birinci bənddə hər iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına, qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işinə qarışmamaq, hüquq bərabərliyi, güclə hədələməməyin bəyannamənin əsasını təşkil etməsidir. 11-ci və 18-ci bəndləri xüsusi olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyü ilə bağlı ən vacib elementlərdən biri kimi dəyərləndirmək mümkündür. Bu bəndlərdə Rusiya ilə Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısını birgə almaları, terrorçuluq, ekstremizm separatçılıq təhdidlərinə qarşı birgə sıx fəaliyyət göstərmələri hər iki ölkənin dövlət təhlükəsizliyinin qorunması yolunda həlledici məqamlardan biridir. Məhz 2023-cü il sentyabr ayının 19-da bu bəndlərə uyğun olaraq Azərbaycan öz dövlət suverenliyinin təmin olunması üçün gərəkli addımları atdı. İmzalanmış bəndlərə görə Rusiya antiterror əməliyyatlarına maneçilik etmədi. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti xarici siyasət strategiyasını  doğru quraraq müstəqilliyimizin, möhkəmləndirilməsi yönündə çox uğurlu addımlar atır. Doğru yürüdülən xarici siyasət Cənubi Qafqazda müstəqil Azərbaycanımızın mövqeyini daha da möhkəmləndirir”.