AMİP-30

Putinlə imzalanmış müttəfiqlik sənədinin iki ili

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya liderlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ikinci ili tamam oldu. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var. 

Moskva bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürüblər. Bəyannamədə xüsusi olaraq vurğulanıb ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürüb. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində də qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq ediblər. 

Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyi idi. Hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürüb.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev müqavilədəki öhdəliklərin hər iki tərəfə lazım olduğunu söylədi: “İki il ərzində həmin müqavilənin necə işləməsinə baxanda orada öhdəliklərdən doğan müsbət məqamları da, neqativ məqamları da görə bilərik. Bu da əslində rəsmi Kremlin bu müqavilədən yalnız öz məqsədləri üçün istifadə etməkdə qərarlı olduğunun göstəricisidir. Yəni bu dövr ərzində bizim üçün müqavilədən doğan pozitiv fəaliyyət olubsa, bu konkret olaraq Rusiya maraqlarına uyğun olduğu üçün, yaxud neqativ fəaliyyət olubsa maraqları ilə üst-üstə düşmədiyi üçün baş verib. Amma elə məqamlar da olub ki, açıq-aşkar bizim maraqlarımıza zərbə vurmaqla üzərlərinə götürdüyü öhdəlikdən yayınıb. Tutaq ki, müqavilədə “Hər iki ölkə öz ərazisində hər hansı təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısını alacaqlar” maddəsi var. Amma Azərbaycanın cinayətkar elan etdiyi, ərazi bütövlüyünə təhdid yaradan, beynəlxalq axtarışa verdiyi separatçı Araik Arutyunyan bu müqavilənin imzalanmasından sonra dəfələrlə Moskvaya səfər etmişdi. Bu kimi hadisələr çox olub. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi mütəmadi olaraq etiraz bəyanatlarını səsləndirib. Misallar çox göstərmək olar. Yəni Rusiya müqavilənin şərtlərindən irəli gələn hər hansı bir öhdəliklərə əməl edirsə, o bu müqaviləyə sadiq olduğu üçün deyil, marağında olduğu üçün əməl edir. Həmçinin marağında olmadığına da əməl etmir. Hesab edirəm ki, müqavilə hazırlanarkən, imzalanarkən rəsmi Bakı bu razılaşmanın necə işləyəcəyini əvvəlcədən hesablamışdı. Amma bayaq dediyim kimi, bu müqavilədə olan bəzi müddəalar bizim üçün cox vacib olduğundan və regiondakı mövcud vəziyyət nəzərə alınmaqla bu addım atılmışdı. O səbəbdən hesab edirəm ki, hələ bir müddət müqavilədəki öhdəliklər hər iki tərəfə lazım olacaq”.

“Yeni Müsavat”