Arzuxan Əlizadə: “Ermənistan nəinki İraqı, digər ərəb ölkələrini də, necə deyərlər, hərifləyir”
Ermənistan prezidenti Vahan Xaçaturyan və İraq prezidenti Əbdül Lətif Rəşid müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə Ermənistan prezidenti Bağdadda İraq prezidenti ilə görüşdən sonra mətbuata açıqlama verib.
“Biz müdafiə və təhlükəsizlik sahəsində Ermənistan-İraq əməkdaşlığının dərinləşdirilməsi perspektivlərinə toxunduq”, – deyə Ermənistan prezidenti qeyd edib.
Ermənistanın ərəb ölkələri ilə iqtisadi əlaqələri azmış kimi, indi də müdafiə-hərbi məsələlər gündəmdədir. İslam abidələrinə divan tutan ölkə sanki Ermənistan deyilmiş. Müsəlman ölkəsinin məscidə donuz bağlayan dövlətlə belə yaxın olması, xosunlaşması qəbuledilməzdir. Digər tərəfdən, görünən odur ki, Ermənistan İraqı hərifləyir. Bir tərəfdən mərkəzi İraq hökuməti ilə yaxınlaşır, o biri tərəfdən İraq Kürdüstan Regionu ilə olduqca yaxın əlaqələr qurur. Orada konsulluq açır. İraq Kürdüstanı da de-fakto Bağdadla hesablaşmır. Faktiki olaraq, Ermənistan hər iki tərəflə oynayır. Bu da İraq mərkəzi hakimiyyətinin zəifliyini, gücsüzlüyünü göstərir.
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Ermənistan öz xarici siyasət kursunu ermənilərə xas hiləgərlik əsasında qurur: “Ermənilər tarixən belə olublar. Hansı dövlət, hansı imperiya zəifləyibsə, o dəqiqə mərkəzdənqaçma qüvvələrinin başında ermənilər olub. O siyasət bu gün də davam edir. Reallıq ondan ibarətdir ki, 2003-cü ildə Səddam Hüseyn rejimi ABŞ tərəfindən devriləndən sonra İraq mərkəzi hakimiyyəti əhəmiyyətli dərəcədə zəiflədi. De-yure İraq mövcud olsa da, de-fakto rəsmi Bağdad ölkəyə tam nəzarət edə bilmədi. Səddamdan sonra ölkəni bürüyən terror aktları, ondan sonra İŞİD bəlası İraqa dövlət olaraq çox ciddi zərbə vurdu. ABŞ-ın İraqa müdaxiləsindən sonra İraq Kürdüstanı regionunun təsir imkanları daha da artdı. Hətta 2017-ci ildə İraq Kürdüstanında müstəqilliklə bağlı referendum keçirildi. Sadəcə, region ölkələri bunu qəbul etmədikləri üçün məsələ təxirə salındı. Çünki İraq Kürdüstan Regionunun açıq dənizə çıxışı yoxdur. Ora İraq, Türkiyə və İranla əhatə olunub. Bütün bunları Ermənistanda çox yaxşı bilirlər. O üzdən İraqla belə oyun oynayırlar. Mərkəzi Bağdadın təsir imkanlarının zəifliyindən istifadə edirlər. Ərəb ölkələrindən öz mənafeləri üçün istifadə edirlər. Həm Bağdad hakimiyyətindən yararlanırlar, həm də İraq Kürdüstan Regionu ilə çoxşaxəli əlaqələr qururlar. Ərəb ölkələrinin iqtisadi imkanlarından faydalanırlar. Ermənistan nəinki İraqı, digər ərəb ölkələrini də, necə deyərlər, hərifləyir. Bu gün Ernənistan iqtisadiyyatına ən çox sərbayə qoyan ərəb ölkəsi Birləşmiş Ərəb Əmirliyidir. Ermənistana sərf edir ki, zəngin ərəb ölkələrinin milyonlarını ölkəsinə sərmayə şəklində yönəltsinlər. Ermənistanın müdafiə sahəsində İraqla əməkdaşlığı müsəlman dünyasına təhqirdir. Çünki Ermənistan Xocalıda dinc müsəlman azərbaycanlıları soyqırıma məruz qoyub, Qarabağda İslam abidələrini təhqir edib. Bütün bunları necə unudub görməzdən gəlmək olar?”.