AMİP-30

İrəvan KTMT-dən uzaqlaşdıqca, ABŞ kəşfiyyatı yaxınlaşır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, görüşdə Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub. O da məlum olub ki, MKİ direktoru baş nazir Nikol Paşinyanla da görüşüb.

Göründüyü kimi, Ermənistan mərhələli şəkildə Rusiyadan uzaqlaşır, ABŞ-la yaxınlaşma kursu götürür. Ermənistan KTMT-ni neçə müddətdir faktiki olaraq boykot edir. Digər tərəfdən, bir müddət əvvəl Soçidə Beynəlxalq “Atomekspo- 2024” forumunda “Rosatom”-un baş direktoru Yevgeni Salkov deyib ki, Ermənistanda “Metsamor” AES-in fəaliyyəti 2036-cı ildən sonra da üzadıla bilər. Ermənistan isə Rusiyanın yardımına arxa çevirdi. Ermənistan AES-in baş direktoru Eduard Martirosyan dedi ki, onlarda belə müzakirə getmir və İrəvanın özünün yeni enerji blokları tikməyə vaxtı olacaq. Halbuki, 2022-ci ilin aprelində Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdə 6 sənəd imzalanıb. Razılaşmada “Metsamor” AES-in yenidən qurulmasına Rusiyanın maliyyə yardımı göstərməsi nəzərdə tutulub.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bütün bunlar Rusiyanın Ermənistanda təsirinin azaldılmasının bir göstəricisidir: “MKİ direktor müavininin KTMT üzvü olan, Rusiya hərbi bazalarının mövcud olduğu Ermənistana səfəri sıradan bir hadisə deyil. Üstəlik bu, ilk təmas da deyil. Ermənistan rəsmiləri bir neçə dəfə ABŞ kəşfiyyat rəhbəri ilə görüşlər keçiriblər. Devid Koenin İrəvana indiki dövrdə səfəri bir sıra məsələlərlə bağlıdır. Burada məqsəd həm Rusiyanın təsirini azaltmaq, həm də Gürcüstandakı proseslərin Ermənistana hansı formada təsirlərini müzakirə etmək ola bilər. Məsələ ondadır ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə olaraq qəbul olunsa da, ölkədəki son proseslər Ermənistanı narahat edir. Paşinyan hakimiyyətini qayğılandıran odur ki, İvanişvilinin Rusiya ilə yaxınlığı Ermənistanın Gürcüstan üzərindən Qərblə logistik və digər əlaqələrinə təsir edə bilər. Bu da Moskvaya imkan verəcək ki, Ermənistanda Kremlə bağlı siyasi qüvvələri hərəkətə gətirsin. Söhbət oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərindən sonrakı proseslərdən gedir. Çünki “Gürcü arzusu” seçkilərdə qalib gələcəyinə əmindir. Digər başlıca məqam odur ki, Ermənistanın Rusiyadan iqtisadi-hərbi asılılığı çox böyükdür. Bu asılılığı qısa müddətdə ortadan qaldırmaq mümkünsüzdür. Ona görə də ABŞ bunun mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı İrəvanla müzakirələr aparır. Əsas müzakirələrin təhlükəsizlik və iqtisadi yöndə olduğu güman edilir. Heç kəsə sirr deyil ki, ABŞ kəşfiyyatı Paşinyanın mühafizəsinin təşkilində yaxından iştirak edir. Cənubi Qafqazda ABŞ-ın ən böyük səfirlik binası Ermənistanda yerləşir. Cənubi Qafqazda Rusiyanın ən böyük təsir imkanı olan ölkə Ermənistandır. Ona görə də bütün bu baş verənlər əsla təsadüf deyil”.