Etibar Məmmədov: “Yerli idarəçilik seçkili orqanlara, yəni bələdiyyələrə verilməlidir…”
“Parlamentin üç hakimiyyət qolundan biri olmaq statusu həyata keçirilməlidir. Ona hökumətin fəaliyyətinə nəzarət funksiyası verilməlidir. Bir sözlə, parlament yalnız hansısa qanun layihələrini səsə qoymaqla və qəbul etməklə məşğul olmamalıdır…”
“Bir daha deyirəm, bələdiyyələr yerli idarəçilikdə iştirak edə bilmirlər. Hesab edirəm ki, yerli idarəçilərin konkret səlahiyyətləri müəyyənləşdirilməli və artırılmalıdır. İndiyədək heç bələdiyyələrin əmlakının konkret nədən ibarət olması da müəyyən edilməyib. Bilinmir ki, onların mülkiyyətində nələr var. Torpaqlar hələ də dövlət və bələdiyyələr arasında bölüşdürülməyib. Bu mövzuda ciddi münaqişələr mövcuddur”.
Bunu Moderator.az-a açıqlamasında ölkədəki seçkili orqanların durumundan danışan istiqlalçı deputat, AMİP-in fəxri lideri Etibar Məmmədov söyləyib.
“Bundan əlavə, artıq yeni islahatlar aparılmalı və yerli icra hakimiyyətləri ləğv edilməlidir. Ümumiyyətlə, yerli idarəçilikdə vilayət quruluşuna keçməyə ehtiyac var. Yerli idarəçilik seçkili orqanlara, yəni bələdiyyələrə verilməlidir. Dövlət də onlara yardım göstərməlidir. Və ən əsası, ötən söhbətimizdə vurğuladığımız kimi, mövcud parlamentin də islahatlara ehtiyacı var. Hakimiyyət bölgüsü Konstitusiyada, Müstəqillik haqda Konstitusiya Aktında nəzərdə tutulduğu kimi həyata keçirilməlidir. Parlamentin konkret səlahiyyətləri bilinməlidir. Parlamentin üç hakimiyyət qolundan biri olmaq statusu həyata keçirilməlidir. Ona hökumətin fəaliyyətinə nəzarət funksiyası verilməlidir. Bir sözlə, parlament yalnız hansısa qanun layihələrini səsə qoymaqla və qəbul etməklə məşğul olmamalıdır. Parlament əsil parlamentə çevrilməlidir. Və bu olandan sonra Azərbaycanda dövlətin strukturlaşması və onun struktur əsaslarının möhkəmlənməsi prosesi baş verə bilər”, -deyə davamında siyasətçi bildirib.
“Nə qədər ki, deyilənlər baş tutmayıb və hər şey icra hakimiyyətindən asılıdır və hər şey bir mərkəzdən idarə və həll olunur, o vaxta qədər də bütün məsuliyyət də həmin mərkəzin üzərinə düşəcək. Digər strukturlar və onları təşkil edən şəxslər isə öz şəxsi mənafeləri üşün istədiklərini edəcəklər, amma xalqın mənafeyi üçün lazım olan işləri görməyə gəldikdə onların buna səlahiyyətinin çatmadığını deyəcəklər. Yəni özlərini məsuliyyətdən kənara çəkəcəklər ki, bu da dövlətin idarəçiliyində böyük pozuntulara gətirib çıxaracaq. Göründüyü kimi, son vaxtlar bir çox hadisələr, hətta cinayətlər baş verir, amma sonra məlum olur ki, onlara görə heç kəs məsuliyyət daşımır”, – deyə istiqlalçı deputat vurğulayıb.