AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Tehranla Moskva arasında məlum müqavilənin yaxın vaxtlarda imzalanması real görünmür” 

“İran Əhatəli Razılaşma Müqaviləsi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi”. İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalında yer alan məlumata görə, bu barədə İran parlamenti Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü, İranda nüfuzlu siyasətçi, politoloq, jurnalist kimi tanınan Heşmətullah Əli Fəlahətpişe bildirib.

Onun sözlərinə görə, Rusiya Zəngəzur yolunun açılmasına razılıq verməklə İranın yolunu bağlayır: “Keçmiş prezident İbrahim Rəisi İranın nüvə sazişi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi. İndiki hökumət (Prezident Məsud Pezeşkianı nəzərdə tutur) bu səhvi təkrarlamamalı və Moskva ilə birtərəfli dostluğun tələsinə düşməməlidir. Bu, İranın strateji mövqelərnin zəifləməsinə, milli maraqlarının tapdanmasına gətirib çıxara bilər”.

Görünən odur ki, bu gedişlə Zəngəzur dəhlizinə görə doğrudan da İranla Rusiya arasında ziddiyyət yarana bilər. Eyni zamanda İran Rusiya ilə Əhatəli Razılaşma Müqaviləsi imzalanmasında da artıq tərəddüdlü mövqe sərgiləməyə başlayıb. O baxımdan son vaxtlar Zəngəzurla bağlı məsələlər, tərəflər arasında mövcud olan fikir ayrılıqları İranla Rusiya arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmasına maneçilik törədə bilərmi?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev prinsipcə bunu istisna etmədi: “İranlı politoloqun Zəngəzurla bağlı fikirləri regionumuzda baş verən siyasi reallıqları əks etdirmir. Son vaxtlar Rusiya və İran siyasi dairələri yenidən Zəngəzur dəhlizi məsələsini gündəmə gətirməklə əsas hədəflərdən yayınmağa çalışırlar. Rusiyaya gəldikdə, bu məsələ tamamilə aydındır. İran rəsmiləri də bu məsələni başqa konteksdə təqdim etməklə Azərbaycanla Ermənistan arasında sülh təşəbbüslərinə  kölgə salmağa çalışırlar. İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olmasının bir neçə səbəbi mövcuddur: Səbəblərin başında İranın Ermənistana təsir imkanlarının azalması, Azərbaycanın daha da güclənməsi və böyük türk coğrafiyasında təmsil olunan türk dövlətlərinin birləşməsi faktoru dayanır. İran rəsmiləri hesab edir ki, türk dünyasının birləşməsi, Türkiyə-Azərbaycan birliyinin daha da irəliyə getməsi, eləcə də türk dünyasını birləşdirən Zəngəzur dəhlizinin istifadəyə verilməsi İranın təhlükəsizliyini təhdid edəcək. Birmənalı olaraq qeyd etmək istərdim ki, bu, kökündən yanlış bir yanaşmadır. Ona görə ki, Azərbaycan Ermənistandan fərqli olaraq İranla qonşuluq münasibətlərini həmişə yüksək səviyyədə saxlamaqda maraqlı olub. Dəfələrlə Azərbaycan  dövləti bununla bağlı sülhə, təhlükəsizliyə xidmət edən addımlar atıb. Hazırda İranın daxilində müəyyən mühafizəkar qanadın içərisində olan qrupların Zəngəzur dəhlizinə, o cümlədən İran-Azərbaycan münasibətlərinin normallaşmasına qarşı fəaliyyət göstərdiklərini açıq şəkildə görürük. Bu siyasətin kökündə təkcə Zəngəzur məsələsi deyil, eləcə də İranda Qərblə İran arasındakı münasibətlərin normallaşmasına qarşı güclər mövcuddur. Yəni İranın daxili mənzərəsinə və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra baş verən hadisələrə baxsaq, bunu daha aydın müşahidə edə bilərik. Bu baxımdan İranla Rusiya arasında Əhatəli Razılaşma müqaviləsinin yaxın vaxtlarda reallaşması inandırıcı görsənmir. Hiss olunur ki, Zəngəzur dəhlizi məsələsində tərəflərin mövqeləri toqquşur. Məsələ burasındadır ki, Zəngəzur dəhlizi region ölkələrinin hər birinə qazanc gətirən, hansısa bir dövlətin nə deməsindən asılı olmayaraq mütləq şəkildə reallaşacaq bir layihədir. Belə hallar çox olur, bəzən diplomatik manevrlər atılacaq addımları müəyyən müddətə ləngidə bilər, amma reallaşmasının qarşısında əngəl ola bilməz”.