AMİP-30

Deputat: Avropa Parlamenti və AŞPA regionda sülh və sabitliyə təhdid yaradır

Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası bu gün regionda formalaşmaqda olan sülh və sabitliyə təhdid yaradır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

Deputat deyib ki, Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısı keçirilir və Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün tədbirə videoformatda qoşularaq çıxış edib: “Dövlət başçısı çıxışında mövcud vəziyyət, eləcə də Avropa institutlarının Azərbaycanla bağlı mövqeyi və ikili standartlar məsələsinə münasibət bildirib. Tam haqlı olaraq vurğulanıb ki, Azərbaycan uzun illər işğal faktoru ilə üz-üzə qalıb, ölkədə 30 ilə yaxın müddət ərzində qaçqın və məcburi köçkün problemi mövcud olub. Azərbaycan 2001-ci ildən Avropa Şurası Parlament Assambleyasının üzvüdür və bu müddət ərzində Avropa institutları ilə qarşılıqlı münasibətlər quraraq bir sıra mühüm təşəbbüslərdə iştirak edib. Bu gün Azərbaycan bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bütün bunlara baxmayaraq, ərazilərimizin işğal altında olduğu dövrdə, qaçqın-köçkün problemlərinin mövcudluğuna və insan hüquqlarının kobud şəkildə pozulmasına rəğmən, Avropa institutları təəssüf ki, ikili mövqe nümayiş etdiriblər. Faktiki olaraq Azərbaycanın suveren hüquqları bu qurumlar tərəfindən lazımi səviyyədə müdafiə olunmayıb”.

Arzuxan Əlizadə qeyd edib ki, bu illər ərzində Avropa Şurası Parlament Assambleyasında və Avropa Parlamentində Ermənistanla bağlı bir təsirsiz qətnamə qəbul olunub: “Təəssüf doğuran məqamlardan biri də odur ki, 2001-ci ildən Azərbaycanla eyni vaxtda bu quruma üzv qəbul olunan Ermənistana qarşı bir dəfə də olsun sanksiya tətbiq edilməyib. Halbuki Avropa Şurası Parlament Assambleyasının üzvü olan bir ölkə digər üzv dövlətin ərazilərini işğal altında saxlayırdı və bununla bağlı işğalçı tərəfi çəkindirəcək heç bir ciddi sənəd qəbul edilmədi. Əvəzində, 30 ildən sonra Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdə, beynəlxalq hüququn norma və prinsiplərini təmin etdikdə və faktiki olaraq BMT qətnamələrinin icrasını həyata keçirdikdə, Avropa institutları, xüsusilə də Avropa Parlamenti ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etməyə başladı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonrakı dövrdə Avropa Parlamentində Azərbaycan əleyhinə 14 qərəzli qətnamə qəbul olunub. Bu, heç bir halda qəbul edilə bilməz və Azərbaycanın suverenliyinə açıq hörmətsizlikdir. Azərbaycanın əraziləri işğal altında olduğu dövrdə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində heç bir real addım atmayan Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası bu gün əksinə, regionda formalaşmaqda olan sülh və sabitliyə təhdid yaradır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək vermək əvəzinə, bu qurumlar faktiki olaraq sülh prosesinə zərbə vurmağa çalışır, prosesi ləngidən və yeni gərginlik ocaqlarının yaranmasına şərait yaradan mövqe sərgiləyirlər. Bu yanaşmanı başqa cür qiymətləndirmək mümkün deyil. Prezident İlham Əliyev də çıxışında bu məqamlara xüsusi diqqət çəkərək xəbərdarlıq edib ki, bütün bu faktorlar nəzərə alınmalıdır və Avropa ölkələri Azərbaycana münasibətdə daha ədalətli yanaşma nümayiş etdirməlidirlər. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, həyata keçirdiyi iri layihələrlə Avropa ölkələrinin gələcək iqtisadi inkişafına da töhfə verir. Belə bir şəraitdə Azərbaycana qarşı qərəzli və əsassız qərarların qəbul edilməsi nə məntiqə, nə də tərəfdaşlıq ruhuna uyğun gəlir və bu cür yanaşmaların davam etdirilməsi qəbuledilməzdir”.