AMİP-30

Prezidentdən Avropaya SƏRT MESAJ

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün Avropa Siyasi Birliyinin (ASB) Ermənistanda keçirilən sammitində videoformatda çıxış edib.

Prezident İlham Əliyev, Avropa institutları arasında Azərbaycanla bağlı yanaşma fərqləri fonunda Avropa Parlamentini sülh prosesinə mane olmaqda ittiham edib.

Dövlət başçısı Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində videoçıxışı zamanı bildirib ki, rəsmi Bakı Ermənistanla normallaşma istiqamətində addımlar atdığı halda, bəzi Avropa qurumları, xüsusilə Avropa Parlamenti bu prosesi dəstəkləmək əvəzinə, əks mövqe sərgiləyir.

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısı keçirilib və Azərbaycan Prezidenti İlham Əliyev tədbirə videoformatda qoşularaq çıxış edib:

“Məhz Prezident bir sıra mühüm məsələləri Avropa liderlərinin diqqətə çatdırıb və vacib xatırlamalar edib. Məsələ burasındadır ki, Azərbaycan torpaqları 30 il ərzində işğal altında idi.

Bu işğal dönəmində təəssüflər olsun ki, Avropa institutları, istər Avropa Şurası Parlament Assambleyası, istər Avropa Parlamenti, istərsə də digər qurumlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində ciddi addımlar atmayıblar.

2001-ci ildə Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına üzv qəbul olunublar. Lakin ötən dövr ərzində Avropa Şurası Parlament Assambleyasının bir üzvü AŞPA-nın digər üzvünün ərazilərini işğal altında saxlayır. Bu fakt qarşısında isə effektiv reaksiya verilməyib və Ermənistana qarşı hər hansı sanksiya tətbiq olunmayıb.

Amma Azərbaycan 2023-cü ildə öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edir, faktiki olaraq beynəlxalq hüququn norma və prinsiplərini təmin edir, BMT qətnamələrini icra edir. Buna baxmayaraq, bəzi Avropa strukturları tərəfindən Azərbaycana qarşı qərəzli mövqe sərgilənir”.

Deputat əlavə edib ki, işğalçı tərəfə hüç bir söz deməyən Avropa Şurası Parlament Assambleyası işağa məruz qalan, öz hüquqlarını, ərazi bütövlüyü və suverenliyini və beynəlxalq hüququ bərpa edən tərəfə qərəzli yanaşır:

“Təbii ki, Azərbaycan buna heç bir halda biganə qala bilməzdi. Məhz bu səbəbdən, həmin dövrdən etibarən Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dondurdu və bu addım Azərbaycana qarşı qərəzli mövqe aradan qalxanadək qüvvədə saxlanıldı.

Prezident İlham Əliyev çıxışında faktlara əsaslanaraq xatırladıb ki, Azərbaycan 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa edib.

Lakin bundan sonrakı təxminən altı il ərzində Avropa Parlamentində Azərbaycana qarşı 14 qərəzli qətnamə qəbul olunub. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş, əsassız ittiham və iddiaların yer alıb.

Bu cür yanaşma qəbuledilməzdir və məhz bu səbəbdən mayın 1-də Azərbaycan Parlamenti Avropa Parlamenti və onun strukturları ilə əlaqələrin tam dayandırılması barədə haqlı qərar qəbul edib.

Təəssüflər olsun ki, İkili standartlar siyasəti ilə üz-üzəyik. Ən narahatedici məqam isə ondan ibarətdir ki, Azərbaycan bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca faydalı və ciddi addımlar atıb”.

O qeyd edib ki, artıq biz regionun əsas güc mərkəzlərindən biri və söz sahibi kimi, bölgədə davamlı sülhə və sabitliyə nail olmaq əzmindəyik:

“Bu istiqamətdə mühüm və ardıcıl addımlar atılıb. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın atdığı addımlar da kifayət qədər faydalıdır.

Biz dayanıqlı sülhə nail olunması istiqamətində böyük nailiyyətlər əldə etmişik və regionda sabitliyə nail olunması artıq mümkündür.

Lakin belə bir həssas dönəmdə sülh və sabitliyə dəstək vermək əvəzinə, ermənidən çox ermənilik edən bu Avropa qurumları faktiki olaraq bölgədə yeni münaqişə ocaqları yaratmağa istiqamətlənmiş addımlar atırlar. Sülhə və sabitliyə mane ola biləcək mövqe sərgiləyirlər ki, bu da qəbuledilməzdir.

Belə qərəzli münasibət, təbii ki, Azərbaycanın haqlı mövqeyi ilə qarşısı alınmalı və alınır. Bu gün Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması ərəfəsindədir.

Artıq çərçivə sülh sazişi üzrə razılaşma əldə olunub və Ermənistan daxilində keçiriləcək parlament seçkilərindən sonra, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə yekun sülh müqaviləsinin imzalanması gözlənilir”.

Onun sözlərinə görə, Azərbaycan artıq Ermənistanla ticarət əlaqələrinin qurulması istiqamətində addımlar atır və humanitar təşəbbüslərlə sülh prosesinə töhfə verir:

“Bu addımlar, hətta birtərəfli qaydada olsa belə, sülhə real dəstəyin göstəricisidir. Bütün bunların müqabilində sülh prosesinə dəstək vermək əvəzinə bu cür qərəzli mövqelərin sərgilənməsi, təbii ki, ciddi şəkildə qınanmalıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu məsələyə xüsusi diqqət çəkərək Avropa liderlərinə bir daha xatırladıb ki, regionda sülhə dəstək vermək vacibdir. Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.

Bu baxımdan, beynəlxalq hüququn bərpasına və sülh prosesinin müsbət yekunlaşmasına xidmət edən təşəbbüslərə dəstək verilməli, əksinə, Azərbaycana qarşı qərəzli mövqe sərgilənməməlidir”.