AMİP-30

Babaları İkinci Dünya müharibəsində döyüşən deputatlar – TARİX

İkinci Dünya müharibəsi Azərbaycanda demək olar ki, hər ailənin yaddaşında iz qoyub. Kimi atasını, qardaşını, əmisini cəbhədə itirib, kimi də illərlə müharibənin yaraları ilə yaşayan doğmasının həsrətini çəkib. 1941-1945-ci illərdə yüz minlərlə azərbaycanlı ön cəbhəyə yollanarkən, onların taleyi sonrakı nəsillərin də həyat hekayəsinə çevrilib. Bu ağır müharibənin izi bəzi deputatların ailələrindən də yan keçməyib.

Modern.az saytı babaları və yaxınları İkinci Dünya müharibəsində vəfat edən deputatları araşdırıb. 

Deputat Arzuxan Əlizadənin babası Məstan Abdulla oğlu Əliyev 35 yaşında cəbhəyə yollanıb. Onun haqqında məlumat İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərin arxiv materiallarının toplandığı “Xalqın xatirəsi” saytında da yerləşdirilib. Saytda qeyd edilib ki, M.Əliyev 223-cü Atıcı Diviziyanın (I) 1041-ci Atıcı Alayında və 84-cü Atıcı Diviziyanın 41-ci Atıcı Alayında xidmət edib.
Deputatın ata babası Məstan Əliyev 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, “1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə” medalı, 2-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib. Onun əlbəyaxa döyüşlərdə 4 alman əsgərinin təkbaşına öldürdüyü də burada yer alıb. Deputatın babası müharibədə Azərbaycan divizyasının tərkibində döyüşərək müharibədən sağ qayıdan həmyerlilərimiz içərisində olub. Lakin Mozdok istiqamətində döyüşlərdə bir ayağı amputasiya edilib, eyni zamanda əllərində qəlpə izləri hər zaman qalıb. 

“Babam müharibə haqqında heç vaxt bizə danışmayıb, hər şeyi sonradan təsadüfən öyrəndik”

Arzuxan Əlizadə bildirib ki, babası ömrünün sonuna kimi onun yanında qalıb, 1998-ci ildə, 95 yaşında vəfat edib:

“Babam müharibədən sonra bir ayağının üzərində yaşadı. Onunla bütün ailəmiz fəxr edir. Babam bizimlə heç vaxt müharibədən, qəhrəmanlığından danışmayıb. Sadəcə əvvəlki qonşularımız nə demişdilərsə, onu bilirdik. İllər sonra oğlum tam təsadüfən saytdan məlumatları tapıb mənə göndərmişdi. Onda babam da sağ idi və biz eyni evdə yaşayırdıq. Yoldaşım, digər qohumlarımız, hamımız mat qalmışdıq. Bizim evimizdə bir qəhrəman yaşayırdı”.