AMİP-30

“Nəticələrdə ciddi dəyişiklik olmayacaq” – DEPUTAT

Ermənistanda konstitusiya islahatları ilə bağlı müzakirələr yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Hakimiyyət nümayəndələri ölkənin əsas qanununda dəyişikliklərin zəruriliyini vurğulasa da, müxalif qüvvələr bu təşəbbüsə ehtiyatla yanaşır. Xüsusilə Azərbaycanla münasibətlərin normallaşması və regionda yeni siyasi reallıqlar fonunda konstitusiya dəyişikliklərinin mümkün nəticələri diqqətlə izlənilir. Bu şəraitdə həm hakimiyyətin hüquqi imkanları, həm də müxalifətin prosesə təsir mexanizmləri maraq doğurur.

Bununla ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Ermənistanda parlament seçkiləri başa çatıb və artıq ilkin nəticələr məlumdur:

“Hazırkı məlumata görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə parlamentdə çoxluğu əldə edib. Bu günə olan nəticələrə əsasən, Paşinyanın partiyası 61 mandat qazanıb. Bununla yanaşı, Rusiyanın təsir dairəsində olduğu bildirilən həm Samvel Karapetyanın dəstəklədiyi siyasi qüvvələr, həm də Robert Koçaryanın tərəfdarları parlamentdə təmsil olunacaqlar. Onların müvafiq olaraq 29 və 12 mandat əldə etdikləri açıqlanıb. Bu da kifayət qədər ciddi göstərici hesab oluna bilər. Seçkilərin nəticələrinin dəyişəcəyi gözlənilmir. Baxmayaraq ki, müxalifət ciddi seçki pozuntularının baş verdiyini iddia edir və Ermənistan Mərkəzi Seçki Komissiyası bəzi seçki məntəqələrində səslərin yenidən sayılmasına qərar verib. Bununla belə, hesab edirəm ki, nəticələrdə ciddi dəyişiklik olmayacaq. Hazırkı mənzərə ondan ibarətdir ki, Paşinyanın partiyası parlamentdə hökuməti formalaşdırmaq üçün tələb olunan mandat sayını qazanıb. Bu isə ona yenidən baş nazir olmaq və hökuməti formalaşdırmaq imkanı verir. Lakin konstitusion çoxluq əldə olunmayıb. Bu səbəbdən də konstitusiya dəyişiklikləri ilə bağlı müəyyən çətinliklərin yaranacağı gözlənilir. Çünki müxalifət konstitusiya islahatlarında maraqlı görünmür. Xüsusilə də konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasına qarşı çıxırlar. Buna görə də bu istiqamətdə problemlərin yaranması mümkündür. Konstitusiya dəyişikliklərinin parlamentdən rahat keçməsi üçün üçdə iki səs çoxluğu tələb olunur və hazırda belə bir üstünlük formalaşmayıb”.

O deyib ki, Ermənistanın ədliyyə naziri də açıqlamasında yeni konstitusiya layihəsinin hələ tam hazır olmadığını qeyd edib:

“Onların sözlərinə görə, bəzi tərəflər öz rəy və təkliflərini təqdim etmədikləri üçün layihə hələ ictimai müzakirəyə çıxarılmayıb. Bu prosesin tamamlanması üçün müəyyən zamana ehtiyac olduğu qeyd edilir. Eyni zamanda, yeni konstitusiyada hansı dəyişikliklərin nəzərdə tutulduğu və hansı müddəaların yer alacağı da hələ tam aydın deyil. Azərbaycan üçün əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılıb-çıxarılmayacağıdır. Digər məsələlər Ermənistanın daxili işi hesab olunur və Azərbaycan üçün prioritet deyil. Lakin Azərbaycanın irəli sürdüyü əsas tələblərdən biri məhz bu məsələnin həllidir. Bunun reallaşması sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən hesab olunur. Əks halda, sülh müqaviləsinin imzalanması prosesində ciddi problemlər yarana bilər. Bununla yanaşı, konstitusiya dəyişiklikləri referendum yolu ilə də təsdiqlənə bilər. Mövcud qaydalara əsasən, referendumun keçirilməsi üçün 50 min imza tələb olunur. Referendum baş tutacağı halda, xalqın iradəsi əsasında dəyişikliklərin qanuniləşdirilməsi mümkündür. Bunun baş verib-verməyəcəyi isə siyasi iradədən asılı olacaq. Əgər Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirərsə, konstitusiya dəyişikliklərinə gedə və Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilər. Bu da sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən birinin yerinə yetirilməsi demək olacaq. Əks halda, həm Paşinyan hakimiyyətinin, həm də ümumilikdə Ermənistan siyasi dairələrinin müxtəlif bəhanələrlə prosesi uzatmaq imkanları qalacaq. Seçkilərin nəticələri də müəyyən mənada belə  vəziyyətin yaranmasına şərait yaradır və bu, xoşagəlməz mənzərənin formalaşmasına səbəb ola bilər”.

Deputat əlavə edib ki, çünki Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar konstitusiyadan çıxarılmadan yekun sülh müqaviləsinin imzalanması mümkün görünmür:

“Bu məsələnin digər tərəfi isə regional kommunikasiyaların açılması ilə bağlıdır. Sülh müqaviləsi imzalanmadığı təqdirdə, nəqliyyat və kommunikasiya xətlərinin açılması prosesi də qeyri-müəyyən olaraq qalacaq. Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlərin açılmasında maraqlı olduğunu bildirir. Lakin bu istiqamətdə irəliləyiş əldə olunması üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əgər bunu etməyəcəksə, həmin məqsədlərin hansı formada reallaşacağı və ya ümumiyyətlə reallaşıb-reallaşmayacağı artıq başqa məsələdir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yalnız bundan sonra yekun sülh müqaviləsinin imzalanması və regionda dayanıqlı sülhün, sabitliyin təmin olunması mümkün ola bilər”.