Bakıda dəyişkən iş qrafikina keçid necə tənzimlənə bilər? – Deputat AÇIQLADI
Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi yenidən gündəmə gəlib.
Paytaxtda iş saatlarının fərqli vaxtlara bölünməsi ilə bağlı təkliflər müzakirə olunur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı belə bir qərarın qəbul olunması gözlənilir. Bu məsələ ilə bağlı ciddi araşdırmaların aparılmasına ehtiyac var. Xüsusilə təhsil müəssisələri və çoxsaylı işçinin çalışdığı müəssisələr üzrə hansı saatlarda fəaliyyətin başlaması və başa çatmasının daha məqsədəuyğun olacağı müəyyən edilməlidir: “Eyni ərazidə yerləşən təhsil müəssisələri və iş yerləri üçün fərqli iş saatlarının tətbiqi nəzərdən keçirilə bilər. Məqsəd Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və avtomobil hərəkətinin daha səmərəli təşkil edilməsidir. Bu yanaşma dünyanın bir çox ölkəsində tətbiq olunur və uzun müddətdir ki, Bakıda da ictimai müzakirə mövzusu olaraq qalır. Bununla bağlı müəyyən təcrübə də mövcuddur. COP29 tədbiri zamanı Bakıda bəzi təhsil müəssisələri və digər qurumlarda dəyişkən iş qrafiki tətbiq edilmişdi və bu, müsbət nəticələr vermişdi”.
Deputatın fikrincə, bu prosesə özəl sektorun da cəlb olunması vacibdir.
“Çünki şəhərdə fəaliyyət göstərən çoxsaylı özəl müəssisələrdə çalışanların əhəmiyyətli hissəsi şəxsi avtomobillərdən istifadə edir. Buna görə də dəyişkən iş qrafikinin yalnız dövlət qurumlarında deyil, özəl sektorda da tətbiqi məqsədəuyğun olar. Bir daha vurğulamaq istəyirəm ki, qərar qəbul edilməzdən əvvəl şəhərin ayrı-ayrı rayonları və nəqliyyat sıxlığının daha çox müşahidə olunduğu ərazilər üzrə araşdırmalar aparılmalıdır. Həmin bölgələrdə yerləşən təhsil müəssisələri, dövlət və özəl qurumlar üçün mərhələli və dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat yükünün azalmasına müsbət təsir göstərə bilər.
Araşdırmaların nəticələrinə əsaslanaraq veriləcək qərar həm əhəmiyyətli, həm də şəhərin nəqliyyat problemlərinin həlli baxımından olduqca vacib ola bilər”.