Dövlət qulluğunda yeni mərhələ: Azərbaycanda hansı islahatlar gözlənilir?
Dövlət və vətəndaş arasında körpü rolunu oynayan dövlət qulluqçuları ölkənin idarəetmə sisteminin əsas sütunlarından hesab olunur. Azərbaycanda hər il 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və həmin ildən etibarən qeyd olunur.
Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi ölkələrin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri hesab olunur. Texnoloji inkişafın sürətlənməsi və vətəndaşların dövlət xidmətlərindən gözləntilərinin artması dövlət qulluğu sisteminin də daim yenilənməsini zəruri edir. Bu baxımdan ölkədə son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılır.
Bu gün rəqəmsal həllər, innovativ idarəetmə modelləri və insan resurslarının idarə olunmasında müasir yanaşmalar dövlət qulluğunun inkişafında əsas istiqamətlərdən hesab olunur. Azərbaycanda da həyata keçirilən islahatlar dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir.
Bəs qarşıdakı dövrdə dövlət qulluğu sistemində hansı yeniliklər gözlənilir?
Bu barədə Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, dövlət qulluğu hər bir dövlətin idarəetmə sisteminin əsas dayaqlarından biridir:
“Azərbaycanda da son illər bu sahədə həyata keçirilən islahatlar dövlət idarəçiliyinin daha şəffaf və effektiv qurulmasına xidmət edir. Xüsusilə rəqəmsallaşma prosesinin sürətlənməsi, elektron xidmətlərin genişləndirilməsi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi dövlət qulluğunun keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verib. Bu gün vətəndaşların dövlət orqanları ilə münasibətlərində rəqəmsal xidmətlər mühüm yer tutur. Elektron platformaların inkişafı həm xidmətlərin əlçatanlığını artırıb, həm də dövlət qulluqçularının iş yükünün daha səmərəli təşkilinə imkan yaradıb. Vaxt itkisi azalıb, operativlik yüksəlib, şəffaflıq və hesabatlılıq güclənib. Müasir dövlət idarəçiliyi artıq rəqəmsal texnologiyalarsız təsəvvür edilmir. Dövlət qulluğu gənclər üçün də öz əhəmiyyətini qoruyub saxlayır. Dövlətə və cəmiyyətə xidmət etmək, peşəkar inkişaf imkanları əldə etmək və sabit karyera qurmaq istəyən gənclər üçün bu sahə mühüm perspektivlər vəd edir. Bununla yanaşı, gənclərin dövlət qulluğuna marağının daha da artırılması məqsədilə ali təhsil müəssisələri ilə dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə proqramlarının artırılması və karyera imkanları barədə məlumatlandırma işinin gücləndirilməsi vacibdir. Dövlət qulluqçularının sosial təminatı və əməkhaqqı sistemi də xüsusi əhəmiyyət daşıyır. Layiqli əməkhaqqı, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və peşəkar fəaliyyətin stimullaşdırılması dövlət qulluqçularının motivasiyasına və işinin səmərəliliyinə birbaşa təsir göstərir. Güclü dövlət qulluğu sistemi ilk növbədə peşəkar və sosial cəhətdən təmin olunmuş kadrlar üzərində qurulur”.
Deputat hesab edir ki, qarşıdakı illərdə dövlət qulluğunda rəqəmsal transformasiya daha da sürətlənəcək, süni intellekt əsaslı həllərin tətbiqi genişlənəcək, insan resurslarının idarə olunması sahəsində yeni mexanizmlər formalaşacaq:
“Bütün bunlar dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşdırılmasına və vətəndaş məmnunluğunun daha da artırılmasına xidmət edəcək. 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram”.