“Naxçıvanın regional kommunikasiyaların mühüm qovşaqlarından birinə çevrilməsi gözlənilir” – Arzuxan Əlizadə
“Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı səsləndirdiyi mesajlar Azərbaycanın regionda formalaşan yeni geosiyasi və iqtisadi reallıqlara hazırlıqlı olduğunu bir daha göstərdi. Xüsusilə Naxçıvanın gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi ilə bağlı yanaşmalar xüsusi əhəmiyyət daşıyır. Uzun illər blokada şəraitində yaşayan Naxçıvanın qarşıdakı dövrdə regional kommunikasiyaların mühüm qovşaqlarından birinə çevrilməsi həm muxtar respublikanın sosial-iqtisadi inkişafına, həm də Azərbaycanın ümumi tranzit potensialının artmasına ciddi təsir göstərəcək”.
Bu sözləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Patrul.az-a açıqlamasında Prezident İlham Əliyevin dünən Naxçıvana səfəri zamanı verdiyi bəyanatların əsas məqamlarını şərh edərkən deyib.
Millət vəkili Zəngəzur dəhlizinin reallaşmasının region üçün strateji əhəmiyyət daşıdığını, bununla yanaşı, qonşu ölkələrlə əlaqələrin daha da inkişafına imkan yaradacağını vurğulayıb:
“Zəngəzur dəhlizinin reallaşması bu baxımdan xüsusi strateji əhəmiyyət daşıyır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat bağlantısının təmin olunmasına, Türkiyə ilə əlaqələrin daha da güclənməsinə və Şərq-Qərb nəqliyyat marşrutlarının şaxələndirilməsinə imkan verəcək.
Eyni zamanda, Naxçıvanın yalnız Azərbaycanın digər bölgələri ilə deyil, Türkiyə, İran və daha geniş Avrasiya məkanı ilə nəqliyyat əlaqələrinin genişlənməsi onun iqtisadi və geosiyasi əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq”.
Deputat Prezidentin qarşıya qoyduğu 15 milyon ton yükdaşıma hədəfinə də diqqət çəkib. O bildirib ki, bu hədəf Azərbaycanın sözügedən istiqamətdəki planlarının uzunmüddətli və strateji xarakter daşıdığını göstərir:
“Bu hədəfə nail olunması üçün dəmir yolu infrastrukturunun yenilənməsi və yükdaşıma imkanlarının artırılması mühüm şərtdir. Nəticə etibarilə, Zəngəzur dəhlizinin açılması Naxçıvanı uzun illər davam edən kommunikasiya məhdudiyyətlərindən çıxararaq regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevirə, Azərbaycanın isə Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında tranzit ölkə kimi mövqeyini daha da gücləndirə bilər”.