Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? – AÇIQLAMA
Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin üzərinə Azərbaycan əleyhinə təxribat xarakterli yazıların asılması iki ölkə arasında münasibətlərin yenidən gündəmə gəlməsinə səbəb olub.
Hadisə Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən qrupların mövcudluğu, onların mümkün məqsədləri və təxribatın arxasında dayanan amillərlə bağlı müzakirələri artırıb. Sözügedən addımın hansı məqsədə hesablandığı, bu qüvvələri narahat edən amillər və Rusiya hökumətinin hadisəyə münasibətinin gecikməsi diqqət çəkən əsas məqamlar sırasındadır.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az -a açıqlamasında bildirib ki, Rusiyada Azərbaycan səfirliyinin qonaq evinin üzərinə təxribat xarakterli yazıların asılması ilk növbədə ictimai rəyi qıcıqlandırmağa və Azərbaycan-Rusiya münasibətlərində əlavə gərginlik yaratmağa hesablanmış addım kimi qiymətləndirilə bilər:
”Xüsusilə son dövrdə iki ölkə arasında münasibətlərin həssas mərhələdən keçdiyi bir vaxtda belə əməllərin törədilməsi təsadüfi görünmür. Burada əsas məqsəd Azərbaycan cəmiyyətində Rusiyaya qarşı mənfi münasibəti gücləndirmək və iki ölkə arasında onsuz da mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirmək ola bilər.
Bu təxribatın arxasında hansı qüvvələrin dayandığını demək üçün, əlbəttə, istintaqın nəticələrini gözləmək lazımdır. Lakin Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən ayrı-ayrı qrupların və dairələrin olması, onların zaman-zaman anti-Azərbaycan ritorikası ilə çıxış etməsi danılmazdır. Eyni zamanda, belə qrupların fəaliyyətinin arxasında Rusiya dövlətinin və ya hökumətinin dayandığını təsdiqləyən konkret faktlar olmadan belə bir ittiham irəli sürmək doğru olmaz. Bununla belə, əgər hadisə Rusiya ərazisində baş veribsə, onun qarşısının alınması və obyektiv araşdırılması Rusiya dövlətinin birbaşa məsuliyyətidir”.
Deputat əlavə olaraq bildirib ki, Rusiya hökumətinin və aidiyyəti qurumların hadisəyə aydın və prinsipial münasibət bildirməsi vacibdir:
“Çünki diplomatik obyektlərə və Azərbaycan diplomatik nümayəndələrinin istifadə etdiyi məkanlara qarşı hər hansı təxribat beynəlxalq hüquq və diplomatik normalar baxımından yolverilməzdir.
Moskvanın susqunluğu cəmiyyətdə haqlı suallar yarada bilər. Rusiya tərəfi hadisəni operativ şəkildə araşdırmalı, təşkilatçı və icraçıları müəyyənləşdirərək hüquqi məsuliyyətə cəlb etməli və bunun dövlət siyasəti olmadığını konkret addımlarla nümayiş etdirməlidir. Azərbaycan isə bu məsələdə emosional deyil, prinsipial və hüquqi mövqe nümayiş etdirməlidir”.