Meloninin təşəkkürü: SOCAR-ın İtaliyadakı addımı nəyi dəyişir?
İtaliyanın Baş naziri Corcia Meloni SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. O bildirib ki, törəmə şirkəti “Italiana Petroli” (IP) “Eni” şirkətindən sonra ölkə miqyasında yanacağın qiymətlərini məhdudlaşdırmaq qərarına gəlib. Bu, italyan ailələrinə diqqətin və yanacaq xərclərinin azaldılmasına konkret töhfə verə biləcəyimizin təsdiqinin vacib əlamətidir.
SOCAR vurğulayıb ki, bu, şirkətin İtaliya hökumətinin geosiyasi qeyri-sabitlik və bunun qlobal təchizat zəncirlərinə təsiri səbəbindən altı aydan çoxdur ki, yüksək yanacaq qiymətləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək olmaq çağırışına cavabıdır.
Bu kontekstdə deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan-İtaliya münasibətlərini dəyərlənirib.
Onun sözlərinə görə, Azərbaycan-İtaliya münasibətlərini strateji tərəfdaşlıq xarakteri daşıyan və qarşılıqlı maraqlara əsaslanan əlaqələr kimi qiymətləndirmək olar:
“İki ölkə arasında siyasi dialoqla yanaşı, enerji, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində də əməkdaşlıq son illərdə daha da genişlənib. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda İtaliya ölkəmizin əsas tərəfdaşlarından birinə çevrilib”.
Müsahibimiz qeyd edib ki, SOCAR-ın İtaliyada fəaliyyətinin genişlənməsi də bu əməkdaşlığın yalnız enerji resurslarının tədarükü ilə məhdudlaşmadığını göstərir. Dediyinə görə, SOCAR-ın İtaliyada yanacağın qiymətlərinin məhdudlaşdırılması istiqamətində atdığı addımın İtaliya hökuməti tərəfindən yüksək qiymətləndirilməsi də ölkələrimiz arasında əməkdaşlığın praktiki nəticələrindən biri kimi dəyərləndirilə bilər. Bu yanaşma Azərbaycan şirkətlərinin fəaliyyət göstərdikləri ölkələrin iqtisadi və sosial gündəliyinə töhfə verməsinin nümunəsidir.
Deputat hesab edir ki, İtaliyanın Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biri olması qarşılıqlı investisiyaların və biznes əlaqələrinin daha da artırılması üçün geniş imkanlar yaradır.
“Qarşıdakı dövrdə enerji sahəsi ilə yanaşı, qeyri-neft-qaz sektorunda, bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, logistika, nəqliyyat, yüksək texnologiyalar və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi və İtaliyanın Avropa bazarındakı imkanları nəzərə alınaraq, iki ölkə arasında nəqliyyat-logistika və ticarət əlaqələrinin genişləndirilməsi də mühüm istiqamət ola bilər. Düşünürəm ki, siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi və humanitar əlaqələrin daha da şaxələndirilməsi üçün möhkəm zəmin yaradır”, – deyə Arzuxan Əlizadə vurğulayıb.