Məhərrəmlikdən sonra toylarda yeni qaydalar tətbiq edilə bilər
Azərbaycanda yas mərasimlərində ehsan verilməsi ilə bağlı tətbiq olunan məhdudiyyətlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu fonda bəzi vətəndaşlar hesab edirlər ki, toy mərasimlərində də müəyyən qaydaların tətbiqinə ehtiyac var. Xüsusilə, toy məclislərində baş verən insidentlər, dava-dalaşlar və digər xoşagəlməz halların qarşısının alınması üçün müxtəlif təkliflər səsləndirilir.
Bununla ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, bu məsələ cəmiyyətdə geniş müzakirə olunur:
“Azərbaycanın bir sıra rayonlarında və bu rayonların sayı getdikcə artır, yas mərasimlərində ehsan verilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub. Başqa sözlə, yalnız çay süfrəsinin təşkilinə icazə verilir. Bir çox rayonlarda bu qayda artıq tətbiq edilir və hesab edirəm ki, kifayət qədər uğurlu nəticələr verir. Bakı şəhərində və Sumqayıt şəhərində də bu istiqamətdə müəyyən siqnallar var, yəni bəzi xeyir-şər mərasimlərində məhdudiyyətlərin tətbiqi ilə bağlı müzakirələr aparılır. Lakin bütövlükdə Bakı və digər iri yaşayış məntəqələrində ehsan verilməsi hələ də köhnə qaydalar üzrə davam edir. Məncə, bu sahənin daha ciddi şəkildə tənzimlənməsinə ehtiyac var. Toy mərasimlərinə gəldikdə isə, yas mərasimlərində olduğu kimi, burada da israfçılıq kifayət qədər geniş yayılıb. Bu gün şadlıq evlərində təqdim olunan menyuların qiymətlərinin çox yüksək olduğunu demək yanlış olmaz. Eyni zamanda, zərurətdən artıq ərzaq məhsullarının stollara düzülməsi, menyuların həddindən artıq şişirdilməsi və bir çox hallarda bayağı şəkildə tərtib olunması doğru yanaşma deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, tarixən formalaşmış adət-ənənələrimizə görə toy mərasimində iştirak edən qohumlar, dostlar və yaxınlar yeni qurulan ailəyə maddi və mənəvi dəstək göstərmək məqsədi daşıyıblar. Lakin sirr deyil ki, bu gün şadlıq evlərindəki yüksək qiymətlər fonunda bir çox hallarda gənc ailə toy mərasimindən qazanc yox, borcla çıxır. Bu isə yeni ailənin formalaşmasına, ilk dövrlərdə sosial və maddi sabitliyinə mənfi təsir göstərir”.
O deyib ki, toy mərasimlərində israfçılığa heç bir halda yol verilməməlidir:
“Menyular sadələşdirilməli, daha məntiqli və münasib qiymətlərlə formalaşdırılmalıdır. Bununla yanaşı, son illərdə bizə kənardan keçmiş bir sıra bayağı toy vərdişləri də yayılıb. Xüsusilə bayağı musiqi seçimi və musiqi səsinin həddindən artıq yüksək olması ciddi narahatlıq yaradır. Toya gedən insanlar əslində istirahət etmək, yaxınları ilə söhbət etmək, sevinc paylaşmaq və gəncləri təbrik etmək istəyirlər. Amma bir çox hallarda toy məclislərindən yorğun, baş ağrısı ilə geri qayıdırlar. Musiqinin səs səviyyəsi bəzən sağlamlıq üçün təhlükəli həddə çatır. Məlumdur ki, müəyyən desibel həddini aşan səs insanın sinir sisteminə, eşitmə qabiliyyətinə və ümumi sağlamlığına mənfi təsir göstərir. Nəticədə toy məclisi sevinc məkanı olmaq əvəzinə yorğunluq və narahatlıq mənbəyinə çevrilir. Eyni zamanda, yeməklərin çeşidi də optimallaşdırılmalıdır. Menyuların qiymətləri aşağı salınmalı, toylarda nümayiş xarakterli israfçılıq aradan qaldırılmalıdır. Bu, günümüzün aktual sosial problemlərindən biridir. Həm yas mərasimləri, həm də toy mərasimləri müəyyən çərçivələr daxilində tənzimlənməlidir. Lazımi düzəlişlər edilməli, sonradan cəmiyyətimizə daxil olmuş və mahiyyət etibarilə zərərli olan bəzi vərdişlər aradan qaldırılmalıdır. Çünki sağlam cəmiyyət üçün həm mənəvi dəyərlərin qorunması, həm də sosial məsuliyyət hissinin gücləndirilməsi vacibdir”.
Beləliklə, həm yas, həm də toy mərasimlərində formalaşan mövcud mənzərə cəmiyyətin sosial-iqtisadi rifahına birbaşa təsir edən ciddi amilə çevrilib. İllərdir davam edən israfçılıq, həddindən artıq şişirdilmiş menyular və süni şəkildə qaldırılan qiymətlər yeni qurulan ailələrin təməlinə iqtisadi zərbə vurur. Yas yerlərindəki müsbət dəyişikliklərin toylara da tətbiq edilməsi və musiqi desibelindən tutmuş xidmət standartlarına qədər müəyyən çərçivələrin qoyulması qaçılmazdır. Sağlam və mənəvi dəyərlərə sadiq cəmiyyət formalaşdırmaq üçün bu sahədə həm hüquqi tənzimləmə, həm də vətəndaşların sosial məsuliyyət hissi əsas rol oynamalıdır.
Qeyd edək ki, hazırda Məhərrəm ayı ilə əlaqədar olaraq ölkədə toyların sayı xeyli azalıb, sadəcə bəzi rayonlarda sadə məclislər təşkil olunur.