Bakının qırmızı xətti: Azərbaycana qarşı çağırışlar cavabsız qalmayacaq
“Azərbaycan bütün qonşuları ilə, o cümlədən Rusiya ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında normal, mehriban və qarşılıqlı hörmətə söykənən qonşuluq münasibətlərinin tərəfdarıdır”.
Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, Bakının xarici siyasətinin əsas istiqamətlərindən biri məhz qonşularla, həmçinin dünya ölkələri ilə qarşılıqlı suverenliyə hörmət, daxili işlərə qarışmamaq və dövlətlərarası münasibətlərdə konstruktiv dialoqu qorumaqdır:
“Lakin təəssüf doğuran məqam odur ki, zaman-zaman Azərbaycanın bu siyasətinə adekvat olmayan addımların şahidi oluruq. Son günlər Rusiyada Azərbaycana qarşı səsləndirilən bəzi fikirlər artıq adi siyasi polemika çərçivəsini aşaraq dövlətlərarası münasibətlərə ciddi xələl gətirə biləcək təhlükəli ritorikaya çevrilib”.
Deputat qeyd edib ki, burada söhbət ayrı-ayrı şəxslərin Azərbaycana qarşı zorakı üsulların tətbiqinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin qızışdırılmasına yönələn çağırışlarından gedir: “Konkret fakt kimi Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayevin son yalarda davamlı olaraq “YouTube” platformasında Azərbaycana qarşı zorakı üsullardan istifadə edilməsinə dair fikirlər səsləndirib və hüquq-mühafizə orqanlarının qiymətləndirməsinə əsasən terrorçuluğa açıq çağırışlar ediblər. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bu məsələyə emosional və siyasi qarşıdurma müstəvisində deyil, hüquqi müstəvidə cavab verməyi daha məqbul hesab edib. Məhz buna görə də Baş Prokurorluqda həmin şəxslər barəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları üzrə cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında Uralov, Knyazev və Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib. Azərbaycan ərazisindən kənarda olduqları üçün onların barəsində axtarış elan olunub və məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Həmçinin onların müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edilib və İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili istiqamətində tədbirlər görülür”.
A.Əlizadə söyləyib ki, bu, əslində, Bakının mövqeyini aydın şəkildə ortaya qoyur: “Azərbaycan heç bir ölkə ilə qarşıdurma axtarmır, lakin dövlətin suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı çağırışları da cavabsız buraxmır.
Azərbaycan artıq dəfələrlə nümayiş etdirib ki, təhdid və təzyiq dili ilə ölkənin siyasi kursunu dəyişmək mümkün deyil. Azərbaycanın dövlətçilik ənənələri, cəmiyyətin siyasi yetkinliyi və ölkənin öz suverenliyini qorumaq iradəsi belə cəhdlərin nəticəsiz qalacağını göstərir”.
O hesab edir ki, əslində, bu cür təxribatçı çağırışlar ilk növbədə onların müəlliflərinin və onları yayımlayan platformaların məsuliyyətini artırır: “Çünki dövlətlərarası münasibətlərin onsuz da həssas olduğu bir vaxtda qonşu ölkəyə qarşı zorakılıq çağırışları səsləndirmək nə Rusiyanın milli maraqlarına xidmət edir, nə də Azərbaycan-Rusiya münasibətlərinəlarınə töhfə vermir. Əksinə münasibətlərə xələl gətirir. Bu isə ilk növbədə Ukrayna müharibəsi fonunda beynəlxalq aləmin təzyiqləri fonunda Rusiya üçün əlavə problem yaratmaq deməkdir”.
Partiya sədri bildirib ki, Moskva ilə Bakı arasında münasibətlərin normal məcrada inkişafı üçün ən vacib şərtlərdən biri qarşılıqlı hörmət və bir-birinin suverenliyinə müdaxilə etməmək prinsipidir.
“Azərbaycan hər zaman bu prinsipə sadiq olub və bunu yürütdüyü siyasətdə də nümayiş etdirib”, – o vurğulayıb.
Deputat onu da xüsusi ilə qeyd edib ki, dövlətlərarası, xüsusən də qonşu və dost ölkələrə qarşı bu cür destruktiv, təxribatçı fəaliyyətə ilk növbədə Rusiyanaın hüquq-mühafizə və təhlükəsizlik orqanları çevik reaksiya verib ciddi tədbirlər görməlidir: “Belə hallara göz yummaq və bilməməzlikdən gəlmək nəticə etibarı ilə dövlətlərarası, xalqlararası münasibətlərə xələl gətirir. Bu da nəticə etiabrı ilə Rusiyanın reputasiyasına ciddi zərbə vurur. Çünki qonşu dövlətə qarşı zorakılıq, ərazi bütövlüyünün pozulması və milli nifrətin qızışdırılması çağırışlarının siyasi fikir azadlığı adı altında legitimləşdirilməsi heç bir halda münasibətlərin sağlam inkişafına xidmət edə bilməz.
Azərbaycanın seçdiyi yol isə bəllidir: təxribatlara təxribatla deyil, hüquqla cavab vermək. Bu, həm də Bakının prinsipial mesajıdır: Azərbaycan heç kimin düşməni deyil, amma öz suverenliyinə qarşı yönələn heç bir təhdidi də görməzdən gəlməyəcək”.