AMİP-30

Bahalı maşın sürənlər daha çox CƏRİMƏ ÖDƏYƏCƏK?

Son zamanlar bir məsələ ciddi müzakirə obyektinə çevrilib. Bəzi insanlar hesab edir ki, yol hərəkəti qaydası pozulan zaman cərimələr avtomobilin qiymətinə əsasən müəyyən edilməlidir. Yəni bahalı avtomobil sürənlər daha çox cərimə ödəməlidir.

Nəzərə alaq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində hər bir yol hərəkəti qaydasının pozuntusuna görə müvafiq cərimələr müəyyən edilib. Yəni cərimələr avtomobilin dəyərinə görə yox, törədilən xətaya uyğun tətbiq edilir.

“Avtomobilin qiymətinə görə cərimə” mexanizmi ölkəmizdə tətbiq oluna bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Arzuxan Əlizadə bildirib ki, bahalı maşın sürənlərin daha çox cərimə ödəməsi düzgün olmazdı:

“Təbii ki, beynəlxalq təcrübədə var ki, bahalı maşın sürənlər əlavə vergi və rüsum ödəyir. Bu qayda qardaş Türkiyədə də tətbiq edilir. Amma cərimələr vahid tarif sistemində olmalıdır. Cərimələr inzibati məsuliyyət əsasında müəyyən edilir.
 

“Qanunvericilikdə hər bir inzibati xətaya, yol hərəkəti qaydasının pozulmasına görə müvafiq cərimələr müəyyən edilib. Bu mənada avtomobilin bahalı və yaxud ucuz olması sürücünün məsuliyyətini nə azaldır, nə də artırır. Yol hərəkətinin istənilən iştirakçısı bərabər formada, bərabər əsaslarla qanuna əməl etməlidi”r.


Kimsə qanunu pozursa, hansısa inzibati xəta törədirsə, ona uyğun olaraq cərimə ödəməlidir. Belə hallarda avtomobilin dəyəri vacib deyil. Vacib olan törədilən qanunsuzluğun cəzasını verməkdir. Ona görə də cərimələrin tətbiqində avtomobilin baha və yaxud ucuz olması önəmli olmamalıdır”.