Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirildi – FOTOLAR
28 sentyabr tarixində Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirilmişdir. “Qafqaz” Biznes Mərkəzinin Konfrans zalında 61 rayon (şəhər) təşkilatından seçilmiş nümayəndələrin iştirakı ilə baş tutan Qurultay dövlət himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə öz işinə başlamışdır.
AMİP sədri tərəfindən açıq elan olunan Qurultayda Rəşad Bayramov Qurultayın sədri, Elşən Müstafayev sədr müavini, Məmmədəli Səfərov və Nuranə Səlimova katib seçilmişlər.
AMİP-in Qurucu lideri Etibar Məmmədovun Qurultay nümayəndələrinə təbriki və tövsiyyələri dinlənilmiş, daha sonra müvafiq hesabat çıxışları olmuşdur. AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin, AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun və Mərkəzi İntizam Komissiyasının sədri Maarif Abbasovun hesabatları dinlənilmiş, hesabat ətrafında müzakirələrdən sonra müvafiq strukturların fəaliyyəti qənaətbəxş hesab edilmişdir.
Qurultayda partiya sədrliyinə, Siyasi Şura və Ali Məclis üzvlüyünə, o cümlədən də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilmişdir. Səsvermə nəticəsində Arzuxan Əlizadə yekdilliklə Azərbaycan Milli İstiqlal Partiyasının sədri seçilmiş, digər seçkili qurumların yeni tərkibi formalaşmışdır. Qurultayda ölkədəki cari vəziyyət geniş şəkildə müzakirə edilmiş, özündə siyasi, sosial-iqtisadi, yerli özünüidarəetmə və xarici siyasətlə bağlı təkliflərin yer aldığı Qətnamə qəbul edilmişdir.









