AMİP-30

Afsəddin Nəbiyev: “Bu, prosesin sürətlə getdiyini və hər iki tərəfin siyasi iradə nümayiş etdirdiyini göstərdi”

Xəbər verildiyi kimi, Kopenhagendə Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşüb. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar.

Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Prezident və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Belə görünür ki, tərəflər arasında, xüsusən Zəngəzur dəhlizi ətrafında geniş fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizinin Azərbaycana, Ermənistana aid hissəsi üzərində dayanılıb və müzakirələr aparılıb. Maraqlıdır, yaxın günlərdə bu istiqamətdə nə gözlənilir? Bizdə bəllidir, Ermənistanda nə gözlənilir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bu görüş bölgəmizdə sülhə daha bir addım yaxınlaşdığımız qənaətini möhkəmləndirdi: “ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton görüşündə əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması prosesin sürətlə getdiyini və hər iki tərəfin siyasi iradə nümayiş etdirdiyini göstərdi. Əsas diqqət uzun müddətdir region gündəmində olan Zəngəzur dəhlizinə yönəldi. Bu dəhliz yalnız Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsini təmin etmir, həm də bütöv türk dünyasının birləşməsində strateji rol oynayır. Ermənistan üçün isə bu layihə iqtisadi blokadadan çıxış və yeni imkanların qazanılması deməkdir. Zəngəzur dəhlizi iqtisadi fürsət olmaqla yanaşı, siyasi qarşıdurmanı əməkdaşlıqla əvəz edə biləcək mexanizmdir. Azərbaycanın hədəfləri aydındır – Naxçıvanla birbaşa əlaqənin açılması, türk dünyasının inteqrasiyasının güclənməsi və regionda tranzit mərkəzi kimi mövqelərin möhkəmlənməsi. Ermənistan isə bu layihədən daha çox fayda əldə edə bilər: illərlə davam edən iqtisadi təcriddən çıxış, tranzit gəlirlər hesabına büdcəyə əlavə resurslar, xarici sərmayələrin ölkəyə cəlbi və Gürcüstan vasitəsilə daşımalar üzrə asılılığın azalması. Kopenhagendəki görüş göstərdi ki, həm Bakı, həm də İrəvan sülh gündəliyinə üstünlük verir. Bu, regionda yeni müharibə risqlərini minimuma endirir. Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edir. Çünki bu yol Türkiyədən Mərkəzi Asiyaya qədər geniş bir coğrafiyanı birləşdirərək Cənubi Qafqazın beynəlxalq nəqliyyat xəritəsində çəkisini artırır. Ermənistanda isə mövzuya münasibət birmənalı deyil. Müxalif qüvvələr dəhlizi “təhlükə” kimi qələmə versələr də, iqtisadi reallıqlar göstərir ki, İrəvan bu layihədən kənarda qalarsa, həm tranzit imkanlarından, həm də xarici investisiyalardan məhrum olacaq. Azərbaycan isə həm siyasi, həm də iqtisadi baxımdan təşəbbüskar mövqedədir, infrastruktur layihələri artıq ölkə ərazisində icra olunur, Ermənistanın tərəddüdü isə Azərbaycanın regional lider mövqeyini gücləndirir. Kopenhagendə keçirilən görüş bir daha sübut etdi ki, Zəngəzur dəhlizi sadəcə iqtisadi layihə deyil, bölgədə yeni siyasi reallığın təməlidir. Ermənistan bu fürsətdən istifadə edərsə, həm özünə, həm də xalqa qazandıracaq, əks halda isə regiondakı böyük layihələrin kənarında qalmaq risqi ilə üz-üzə qalacaq”.