Azərbaycan “Sülh sammiti”ndə: “İlham Əliyevin çox yüksək reytinqi var”
“Azərbaycan Prezidenti İlham Əliyevin Qəzzada atəşkəslə bağlı Misirdə təşkil olunan “Sülh sammiti”nə dəvət edilməsi çox mühüm məsələdir”.
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O xatırladıb ki, İlham Əliyev Misir və ABŞ liderinin dəvəti ilə həmin sammitdə iştirak edəcək:
“Əslində, Qəzzada atəşkəs elan olunandan sonra Qəzzanın yenidən qurulması, bərpa-quruculuq işlərində Azərbaycanın da iştirak edə biləcəyi gündəmdə idi. Artıq belə bir təcrübəmiz var. Daha əvvəl də Suriyanın yenidən qurulmasında və digər humanitar məsələlərdə qardaş Türkiyə ilə yanaşı, ölkəmiz də iştirak etdi. Bu dəfə də qardaş ölkə ilə bərabər Qəzzada müştərək dəstəyin verilmə ehtimalı var”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin də sammitə dəvət olunması çox önəmlidir:
“Bu, bir daha onu deməyə əsas verir ki, həm Azərbaycanın, həm də Prezident İlham Əliyevin beynəlxalq nüfuzu kifayət qədər yüksək səviyyədədir. Ölkəmizin bu tip məsələlərdə iştirakı artıq böyük güclər tərəfindən qəbul edilib. Azərbaycan Qəzzanın yenidən qurulmasında birbaşa iştirak edə biləcək. Əlbəttə ki, bu da ölkəmizin və dövlət başçımızın dünyada artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir”.
Deputat onu da vurğulayıb ki, Prezident İlham Əliyev apardığı uğurlu xarici siyasətlə son dönəmdə dünya liderlərinin diqqət mərkəzindədir:
“Prezident İlham Əliyevin ABŞ-yə səfəri, Ağ Evdə Ermənistanla müqavilə imzalaması və ABŞ Prezidenti Donald Trampla münasibətlərinin yüksək səviyyədə olması diqqət çəkir. Həmçinin, dövlətimizin başçısının bir neçə gün əvvəl Tacikistanda Rusiya Prezidenti Vladimir Putin ilə də görüşü bütün beynəlxalq aləmin diqqət mərkəzində idi.
İlham Əliyevin beynəlxalq müstəvidə nüfuzunun artması göz önündədir. Azərbaycan lideri dünyada tanınan siyasi liderdir və çox yüksək reytinqi var. Təbii ki, bunlar da olduqca qürurvericidir”.